Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan “Şamaxı” – “İmişli” (0:0) qarşılaşmasından sonra bölgə klubunun baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis komandasının fiziki və psixoloji durumuna toxunmaqla yanaşı, rəqibin oyun üslubunu da kəskin tənqid edib.
Baş məşqçi son vaxtlar komandanın oyun qrafiki kifayət qədər gərgin olduğunu və bunun, futbolçuların çıxışına təsirsiz ötüşmədiyini bildirib: “Sıx qrafikdə və ağır məğlubiyyətdən sonra meydana çıxmışdıq. Futbolçular psixoloji baxımdan yorğun olsalar da, 90 dəqiqə ərzində sona qədər mübarizə apardılar”.
“İmişli”nin oyun tərzindən narazılığını gizlətməyən Abbasov, rəqibin yalnız xal qazanmağa kökləndiyini bildirib: “İmişli” hamıdan çox heç-heçəyə oynayan komandadır. Onlar nə rəqibin futbol oynamasına imkan verirlər, nə də özləri hücum futbolu nümayiş etdirirlər. Belə çətin rəqiblə görüşdə bir xal qazanmağı bacardıq. Turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq şansımız hələ də qalır”.
Klubun büdcəsi və hədəfləri barədə danışan mütəxəssis, reallığı dərk etdiklərini vurğulayıb: “Futbolçularıma da bildirmişəm ki, bizim əsas missiyamız Premyer Liqadakı yerimizi qorumaqdır. Maddi imkanlarımıza gəlincə, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalardan elə də fərqlənmirik. Kubokda iddiamız var idi, lakin “Qarabağ” bizdən daha güclü oldu. İndi bütün diqqətimizi çempionata yönəltmişik və hər qarşılaşmada xal üçün sona qədər vuruşacağıq”.
Sonda heyət seçimi ilə bağlı sualları cavablandıran Abbasov, bu məsələdə tək söz sahibinin özü olduğunu qətiyyətlə ifadə edib: “Heyətlə bağlı qərarı yalnız mən verəcəm”.