Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında Azərbaycan təmsilçiləri turnirə yüksək notlarla start veriblər. İlk iki turun yekunlarına əsasən, 5 zəka sahibimiz itkisiz irəliləyərək turnir cədvəlinin zirvəsinə şərik olublar
Qitə birinciliyinə ardıcıl iki qələbə ilə başlayan Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Məhəmməd Muradlı və Nicat Abasov 100 faizlik nəticə ilə (2 xal) liderlər qrupunda qərarlaşıblar. Əlavə göstəricilərə əsasən, Aydın Süleymanlı hazırda bütün rəqiblərini qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində yer alır.
Digər təmsilçilərimizin mövqeləri isə belədir:
24. Read Səmədov
35. Xəzər Babazadə
52. Məhəmməd Muradlı
53. Nicat Abasov
Növbəti turda bizi maraqlı qarşılaşmalar gözləyir. Xüsusilə, iki lider təmsilçimizin — Aydın Süleymanlı və Read Səmədovun üz-üzə gələcəyi partiya diqqət mərkəzində olacaq. Digər şahmatçılarımızın rəqibləri isə xarici ölkə təmsilçiləridir:
Xəzər Babazadə – Daniel Daron (Belçika)
Məhəmməd Muradlı – Lukaş Lijne (Polşa)
Nicat Abasov – Svyatoslav Bazakuts (Ukrayna)
Xatırladaq ki, Katovitsedə mübarizə aparan 13 şahmatçımızdan 10-u ilk turda qələbə qazanaraq yarışa inamlı start verib. Hazırda liderlər qrupunda olmayan digər təmsilçilərimiz də növbəti turlarda vəziyyəti xeyirlərinə dəyişməyə çalışacaqlar. Avropa çempionatının yekun nəticələrinə əsasən, ilk 20 yerin tutanlar 2027-ci il Dünya Kubokuna birbaşa vəsiqə qazanacaqlar.