AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində baş tutan qarşılaşmalarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. Komitənin qərarları həm klubların büdcəsinə, həm də komandaların heyətinə təsirsiz ötüşməyib.
“Zirə” – “Şamaxı” matçında ev sahibi klub təşkilatçılıqdakı nöqsanlara görə maddi ziyana düşüb. Belə ki, təcili tibbi yardım avtomobilinin stadiona təyin olunmuş vaxtdan gec gəlməsi səbəbindən “Zirə” klubu 2000 manat məbləğində cərimə olunub.
Həmin qarşılaşmada qonaq komandanın üzvü Dieqo Balau da intizamsızlığı ilə diqqət çəkib. Meydanda ciddi qayda pozuntusuna yol verərək birbaşa qırmızı vərəqə ilə cəzalandırılan futbolçuya 2 oyunluq diskvalifikasiya verilib. “Şamaxı” klubu isə legionerinin bu hərəkətinə görə 1000 manat cərimə ödəyəcək.
Turun ən gərgin keçən görüşlərindən olan “Araz-Naxçıvan” – “Sabah” matçı Naxçıvan təmsilçisi üçün həm meydanda, həm də sənəd üzərində itkilərlə yadda qalıb. Komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması kluba 700 manata başa gəlib. Oyun bitdikdən sonra hakimin qərarlarına kəskin etiraz edən baş məşqçi Andrey Demçenko ikinci sarı vərəqənin ardınca qırmızı vərəqə alaraq meydandan qovulub. Bu reaksiyasına görə ukraynalı mütəxəssis 1 oyunluq cəzalanıb, klub isə əlavə 2500 manat cərimə edilib.