I Liqada mübarizə aparan “Səbail” klubunun baş məşqçisi Adil Şükürov AFFA İntizam Komitəsi tərəfindən sərt şəkildə cəzalandırılıb. Buna təcrübəli mütəxəssisin “Baku Sportinq”ə qarşı keçirilən XX tur matçındakı qeyri-etik davranışı səbəb olub.
Görüş zamanı ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Şükürov, hakimlər briqadasını təhqir etdiyi üçün qurumun qərarı ilə 4 oyunluq diskvalifikasiya edilib. Baş məşqçinin intizamsızlığı “dənizçilər”ə maddi cəhətdən də baha başa gəlib; paytaxt təmsilçisi 3000 manat məbləğində cərimələnib.
Xatırladaq ki, sözügedən qarşılaşma “Səbail”in 1:0 hesablı minimal qələbəsi ilə başa çatmışdı.