Ukraynanın məşhur “TaToTake” teleqram kanalının yaydığı məlumata görə, “Polissya” rəhbərliyi Danila Beskorovaynının “Sumqayıt”a keçidinə yaşıl işıq yandırıb. 26 yaşlı mərkəz müdafiəçisi artıq bu gün Azərbaycan təmsilçisində tibbi müayinədən keçib. Gənclər arasında dünya çempionu olan futbolçu mövsümün sonuna qədər icarə əsasında “kimyaçılar”ın heyətində çıxış edəcək.
Beskorovaynının karyerasının ən parlaq məqamı 2019-cu ilə təsadüf edir. O, Ukrayna U-20 millisinin heyətində gənclər arasında dünya çempionu titulunu qazanıb. Həmin turnirdə əsas heyətin dəyişilməz üzvü olan müdafiəçi, final da daxil olmaqla bütün həlledici qarşılaşmalarda inamlı oyun nümayiş etdirib. 194 sm-lik boyu ona həm müdafiədə hava toplarında üstünlük qazandırır, həm də standart vəziyyətlər zamanı rəqib qapısı önündə ciddi təhlükə yaratmağa imkan verir.
Ukraynalı “stoper” karyerası ərzində təkcə vətənində deyil, Slovakiya (“DAC 1904”) və Qazaxıstan (“Astana”) çempionatlarında da legioner həyatı yaşayıb. O, həmçinin “Krivbas”ın heyətində Ukrayna Premyer Liqasının bürünc mükafatçısı olub.
2024-cü ilin yayında böyük ümidlərlə “Polissya”ya transfer edilən Danila, ağır zədə (diz bağlarının qırılması) səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalıb. Mübarizəni sevən, güclü fiziki göstəriciləri və dəqiq mövqe seçimi ilə seçilən klassik mərkəz müdafiəçisi üçün “Sumqayıt” karyerasında yeni və uğurlu bir səhifə ola bilər.