Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09
Ölkə futbolu

Çexiya çempionu “Slaviya” UEFA Çempionlar Liqasının əsas mərhələsində 20 oyundur qələbə qazana bilmir. Praqa təmsilçisi uğursuz seriyaya Bakıda “Sabah”la keçiriləcək qarşılaşmada son qoymağa çalışacaq. Çexiya mediası “bayquşlar”ı qələbə qazanmaq üçün əlverişli rəqib kimi dəyərləndirsə də, “Slaviya”nın futbolçuları Bakıdakı oyunun çətin keçəcəyini düşünürlər.

“Sabah” əsas mərhələyə yüksəlmək üçün dörd təsnifat mərhələsini adlayıb. UEFA-nın məlumatına görə, Bakı klubunun 2025/26 mövsümünün sonunda hesablanan beşillik əmsalı 6 xaldır. Bu göstərici 36 iştirakçı arasında ən aşağıdır. Çempionmuz əsas mərhələdəki debütündə “Mançester Yunayted”ə “Old Trafford”da 0:4 hesabı ilə uduzub.

Bununla belə, “Slaviya”nın futbolçuları rəqibi kiçik görməməyin vacibliyini vurğulayırlar. Praqa klubunun ilk turda “Lans”la qarşılaşmada hər iki qolunu vuran hücumçu Daniel Şturm klubun televiziyasına açıqlamasında Bakıda qələbə qazanmaq istədiklərini bildirib.

“Çətin oyun gözləyirəm, amma qalib gəlmək istəyirik. ‘Sabah’ uğur qazanmaq şansımızın daha yüksək olduğu rəqibdir. Bununla belə, bura Çempionlar Liqasıdır və heç kimi kiçik görmək olmaz. Çətin olacaq, amma ümid edirəm ki, oyunun sonunda məmnun qalacağıq”, – deyə Şturm bildirib.

Bukmekerlər də səfərdə oynayacaq “Slaviya”nı favorit hesab edirlər. Baş məşqçi Yindrix Trpişovski isə “Sabah”ın yüksəliş hekayəsinin onda maraq doğurduğunu deyib.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın hekayəsi xoşuma gəlir. Maraqlı oyun olacaq”, – deyə çexiyalı mütəxəssis bildirib.

Trpişovski Bakı ilə bağlı əvvəlki xatirələrini də bölüşüb. O, təxminən 10 il əvvəl “Slovan”ın baş məşqçisi olduğu dövrdə komandasının “Qarabağ”la Libereçdə 2:2 hesablı heç-heçə etdiyi oyunu xatırladıb.

“Uzun uçuşdan sonra avqust ayında inanılmaz isti və rütubətli hava ilə qarşılaşmışdıq. Qalan hər şey isə əla idi: şəhər, mədəniyyət və təəssüratlar. Ekzotik bir mühitdir”, – deyə “Slaviya”nın çalışdırıcısı əlavə edib.

Praqa təmsilçisinin müdafiəçisi Tomaş Vlçek də “Sabah”ın rəqibini ətraflı təhlil etdiyini düşünür. Onun fikrincə, Azərbaycan çempionu “Slaviya”nın Çempionlar Liqasındakı uzun qələbəsiz seriyasından xəbərdardır və bu amil Bakı təmsilçisini əlavə motivasiya edə bilər.

“Rəqib bizi təhlil edib, nəticələrimizi görüb. Təbii ki, Çempionlar Liqasında uzun müddətdir qələbə qazana bilmədiyimizi də bilirlər. Bəlkə də bu, onları daha çox motivasiya edir. Amma düşünmürəm ki, oyun üslublarını dəyişsinlər və təsnifat mərhələlərində gördüyümüz futboldan fərqli nəsə etməyə çalışsınlar. Biz yaxşı hazırlaşmalı və meydanda yaxşı oyun nümayiş etdirməliyik”, – deyə Vlçek bildirib.

“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniça da qarşılaşma ərəfəsində komandasının hazırlığından və azarkeş dəstəyinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, “Neftçi” ilə Premyer Liqa matçı da “Slaviya” ilə görüşə hazırlıq baxımından faydalı olub.

“Belə oyunlarda azarkeş dəstəyi çox vacibdir və komandaya lazımi köklənməyə kömək edir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Onların oyun üslubu son rəqibimiz ‘Neftçi’nin futboluna bənzəyir. Buna görə də həmin matç bizim üçün faydalı oldu.

Bizi güclü və çətin rəqib gözləyir. Bu oyunda maksimum nəticəyə nail olmaq istəyirik. Çempionlar Liqasında məqbul və ya arzuolunmaz rəqib anlayışı yoxdur. Arxada yaxşı oyunlarımız olsa da, bu mərhələdə hər qarşılaşma son dərəcə çətindir. Bütün komandalar, o cümlədən bugünkü rəqibimiz də qələbə qazanmaq istəyir. Bizim də öz məqsədlərimiz var və qalib gəlməyə çalışacağıq”, – deyə Lepiniça bildirib.

Praqa təmsilçisi beynəlxalq oyunlar üçün yaranan fasilədən sonra Çexiya çempionatında “Jlin”i 1:0 hesabı ilə məğlub edib. Komandanın vitse-kapitanı Lukaş Provod hesab edir ki, Bakıdakı görüş mövsümün əsas məqsədlərindən birinə çatmaq üçün növbəti imkandır.

“Çempionlar Liqasında asan oyun olmur, xüsusilə də bura qədər uzun yol keçdikdən sonra. Hamımız ümid edirik ki, çoxdan gözlədiyimiz uyğun məqam nəhayət yetişib. Bu, mövsümün məqsədlərindən birini həyata keçirmək üçün daha bir şansdır. Çempionlar Liqasında uğur qazanmaq istəyirik. Bu cür oyunlar komandamızın nəyə qadir olduğunu göstərir. İnanıram ki, istəyimizə nail olacağıq”, – deyə Provod bildirib.

Çexiya mediasının məlumatına görə, bu ölkənin klubları Azərbaycan təmsilçiləri ilə avrokuboklarda keçirdikləri əvvəlki 12 oyunda məğlub olmayıblar. Həmin qarşılaşmaların üçündə heç-heçə qeydə alınıb.

Çexiya mediası “Sabah”ın qısa müddətdə keçdiyi yolu da diqqətə çatdırıb. 2017-ci ilin sentyabrında yaranan Masazır klubu sürətlə inkişaf edərək ölkə futbolunun aparıcı komandalarından birinə çevrilib. Komandanın yüksəlişində baş məşqçi Valdas Dambrauskasın xüsusi rolu vurğulanır.

Litvalı mütəxəssis ötən mövsüm “Sabah”a tarixində ilk çempionluğu və ölkə kubokunu qazandıraraq dubla imza atıb. Onun karyerası isə maraqlı bir hadisə ilə başlayıb: Dambrauskas 2002-ci ildə Litvanın “Kim milyonçu olmaq istəyir?” televiziya yarışmasında pul mükafatı qazanıb və həmin vəsaiti İngiltərəyə səfər etmək, məşqçilik və idman elmləri üzrə təhsil almaq üçün istifadə edib.

Dambrauskasın uğurları onunla işləyən futbolçuların da diqqətindən yayınmayıb. Xorvatiyanın “Hayduk” klubunda litvalı mütəxəssislə tanış olan çexiyalı futbolçu Stefan Simiç onun həm məşqçi, həm də insan kimi yüksək keyfiyyətlərini vurğulayıb.

“Fantastik məşqçi, ondan da yaxşı insan. Hazırda onun başına gələnlərə görə çox sevinirəm”, – deyə Simiç bildirib.

Latviyanın vaxtıyla “Riqa” klubunda Dambrauskasla işləyən Slovakiyanın sabiq futbolçusu Tomaş Malets də onun haqqında müsbət fikirlər səsləndirib.

“O, ilk gündən başqalarından fərqlənirdi. Məşqçi kimi ona çox böyük hörmətim var. İnanılmaz dərəcədə ağıllı insandır”, – deyə Malets qeyd edib.

“Çempionlar Liqasının əsas mərhələsinə düşmək ağlasığmaz bir şeydir”, – deyə Dambrauskas özü bildirib.

O, “Mançester Yunayted”lə görüşdə komandasının yaxşı məqamlarının olduğunu xatırladaraq “Slaviya” ilə oyunda da rəqabət aparmaq gücündə olduqlarını göstərmək istədiklərini vurğulayıb.

“İndi bunu bacardığımızı göstərmək və rəqabət aparmağın yolunu tapmaq vaxtıdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Yaxşı və iddialı komandamız, özünü göstərmək istəyən məqsədyönlü futbolçularımız var”, – deyə litvalı mütəxəssis əlavə edib.

“Sabah”ın ev oyunlarını Bakıda keçirməsi də Çexiya mediasının diqqətindən yayınmayıb. Masazırda yerləşən klubun stadionu UEFA-nın tələblərinə uyğun olmadığından Azərbaycan çempionu Çempionlar Liqasındakı rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edir.

Beləliklə, “Slaviya” üçün Bakı səfəri uzunmüddətli uğursuz seriyanı dayandırmaq baxımından əhəmiyyətlidir. “Sabah” isə ilk oyundakı məğlubiyyətdən sonra doğma meydan saydığı Bakı Olimpiya Stadionunda daha iddialı çıxış etməyə və Avropanın ən nüfuzlu klub turnirində rəqabətə hazır olduğunu göstərməyə çalışacaq.

Paylaş:

Xəbər Lenti

“Neftçi” və “İmişli” cərimələndi

13.10.26 | 14:14

Du Keiroş: “Sabah”ın Çempionlar Liqası layihəsi məni çox həvəsləndirdi”

13.10.26 | 14:54

Dünya çempionatından sonra cüdoçularmız reytinqdə irəlilədi

13.10.26 | 14:33

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06