UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” səfərdə İslandiyanın “Vestri” klubu ilə qarşılaşıb. Bakıdakı ilk oyunda 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi, səfərdə də eyni hesabla qalib gələrək turnirin 2-ci mərhələsinə adlayıb.
Reykyavikdəki qarşılaşmaya “Qarabağ” aşkar üstünlüklə başlayıb. Matçın start fiti ilə rəqib qapısına təzyiq quran “köhlən atlar” çox keçmədən – 5-ci dəqiqədə hesabı açıb. Savonun zərbəsindən sonra qapıçıdan qayıdan topu tora qovuşduran Muaddib komandasını önə keçirib.
29-cu dəqiqədə isə fərq iki topa çatıb. Yenə Savonun fəallığı nəticəsində topla təmin olunan Pedro Bikalyo uzaq məsafədən dəqiq və qüvvətli zərbə ilə hesabdakı fərqi ikiyə çatdırıb.
İkinci hissənin əvvəlində “Qarabağ” qələbəsini rəsmiləşdirən son nöqtəni qoyub. 56-cı dəqiqədə Kadi Borqesin ustalıqla müdafiə xəttini yaran ötürməsini məharətlə dəyərləndirən Savo “Vestri”nin qapısına üçüncü dəfə yol tapıb.
Matçın qalan dəqiqələrində hər iki komanda əvəzetmələrə əl atsa da, hesab dəyişməz qalıb. Meydan sahiblərinin hesabı azaltmaq cəhdləri “Qarabağ”ın müdafiəsinə və qapıçı Mateuş Koxalskinin inamlı oyununa tuş gəlib.
Bu qələbə ilə növbəti mərhələyə vəsiqə qazanan “Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi Bolqarıstanın ÇSKA (Sofiya) klubu olacaq.
Vesti (İslandiya) – Qarabağ (Azərbaycan) 0:3
Qollar: JaliMuaddib (5), Pedro Bikalyo (29), Zakariya Savo (56).
“Vestri”: Marvin-Darri Steynarsson, Albert Yohannsson, Edson, Elmar Qardarsson (k) (Breki Hermansson, 64), Qudmundur Eynarsson, Yakob Stensson (Qunnar Hayksson, 64), Marino Haqbardsson, Serjin Fall (Konstantin Çeşmedjiyev, 63), Birkir Eydal (Albin Merfelt, 78), Yohannes Selven (Tordyur-Qunnar Haftarssson, 70), Emmanuel Dua.
“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k) (Çebrail Makretskis, 75), Bence Varkonyi, Mateus Silva, Bruno Lanqa (Elvin Cəfərquliyev, 75), Pedro Bikalyo (Samuel Lobatu, 63), Marko Yankoviç, Kadi Borqes, Jali Muaddib (Oleksiy Kaşuk, 63), Abdullah Zubir (Renaldo Sefas, 63), Zakariya Savo.
Baş hakim: Marek Radina (Çexiya).
Stadion: “Trouttarvedlyur”, Reykyavik.