Polşanın Belsko-Byala şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna start verilib. Turnirin ilk günü millimiz üçün olduqca uğurlu keçib.
Yığmamız yarışın ilk günündə aktivinə 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 8 medal yazdırıb.
Gərgin keçən qarşılaşmaların yekununda Könül Eyvazlı (48 kq) və İbrahim Talıbov (60 kq) yarışın qalibi olublar. Cüdoçularımızdan Zəhra Quliyeva (40 kq), İlkin Qarayev (66 kq) gümüş, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) isə bürünc medal qazanıblar.
Qazanılan bu yüksək nəticələrin sayəsində millimiz ilk günün yekunlarına görə ümumi komanda hesabında liderliyə yüksəlib.
Bütövlükdə 36 ölkədən 757 cüdoçunun xalça üzərinə çıxdığı nüfuzlu turnirə sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. Millimizin liderliyini qoruyub saxlayacağı gözlənilir.