“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”la heç-heçəni (2:2) şərh edib. O, həm oyunun atmosferindən, həm də komandadakı son durumdan danışıb.
Qurbanov ilk növbədə tribunalardakı möhtəşəm mühitə toxunub: “Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Stadiondakı möhtəşəm atmosfer futbolçulara böyük motivasiya verdi. Oyun da azarkeşlərin istəyinə uyğun keçdi: sürətli, dinamik və gərgin. Bu, əsl kubok matçı idi. İndi cavab görüşünə hazırlaşmalıyıq, baxmayaraq ki, vaxtımız azdır. Cəmi iki gündən sonra bizi “Karvan-Yevlax”la çətin oyun gözləyir. Futbolçular yorğundur, lakin bərpa olunmağa məcburuq”.
Son vaxtlar adı “Sabah”la hallanan və əsas heyətdəki yerini itirdiyi iddia edilən Aleksey Kaşuk barədə danışan baş məşqçi, şayiələrə son qoyub: “Onun başqa kluba keçməsi barədə heç bir söhbət yoxdur. Rəqib tərəfin marağının olub-olmadığını bilmirəm, amma bizim belə bir fikrimiz yoxdur. Aleksey ötən oyunda start heyətində idi və ona kifayət qədər şans verilir. O, etimadı doğruldur. Sadəcə hazırda Leandro Andrade daha yüksək məhsuldarlıq nümayiş etdirir və rəqabət budur”.
Matçın idarəçiliyi ilə bağlı sualları cavablandıran Qurbanov, referilərin performansına təmkinlə yanaşıb: “Onlar bu oyuna əbəs yerə təyin edilməyiblər. Yəqin ki, son vaxtlar göstərdiyi idarəçilik bəyənilib ki, belə məsuliyyətli matç onlara tapşırılıb”.
“Qarabağ”ın sükançısı rəqibin gücünü də xüsusi qeyd edib: “Qarşımızda sona qədər mübarizə aparan, yaxşı formalaşmış bir kollektiv var idi. Bəlkə də bu gün onların istəyi bizdən bir qədər çox idi. Belə rəqibə qarşı oynamaq böyük zövqdür. Çempionatı kuboka qurban vermək kimi bir düşüncəmiz yoxdur. Əgər azarkeşlər belə oyunlardan həzz alırlarsa, məğlubiyyətdə də faciə yoxdur. Amma biz həmişə ambisiyalıyıq və bu xəttimizdən dönməyəcəyik”.Qurban Qurbanov həmkarı Valdas Dambrauskasla oyundan sonrakı uzunmüddətli söhbətinə də aydınlıq gətirib: “Keçmiş oyunlar barədə danışmadıq. Meydandakı aqressiya elə oradaca qalır. Futbolun gözəlliyi də budur. Dambrauskasla futbol haqqında danışdıq, o, komandamızın uğurlarını yüksək qiymətləndirdi. Mən də ona bildirdim ki, qısa müddətdə çox simpatiyalı və bir-birini tamamlayan kollektiv yarada bilib. Bizim söhbətimiz tam centlmen qaydasında keçdi”.