“Turan-Tovuz”un Müşahidə Şurasının sədri Ehtiram Quliyev, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə məğlub olduqları (0:2) oyundan sonra hakimliklə bağlı kəskin fikirlər səsləndirib. Klub rəsmisi məğlubiyyətin əsas səbəbi kimi idarəçiliyi göstərib: “Əslində, Əliyar Ağayevin bu qarşılaşmaya təyinatı bəri başdan bəzi şübhələr yaratmışdı. Təəssüf ki, qorxduğumuz başımıza gəldi. Bir illik zəhmətimiz bir günün içində heç edilir. Xüsusilə Əliyar və Turalın təyinatlarından sonra belə bir münasibəti gözləyirdik. Çempionat oyunundan sonra bizə ‘hakim də insandır, səhv edə bilər’ mesajı verilmişdi, lakin bu yanaşma artıq dəyişməlidir. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm, amma futbolumuzdakı bu problemlər açıq şəkildə müzakirə olunmalıdır. Biz susduqca, ‘əliyarlar’ futbolu bu səviyyəyə salmaqda davam edəcəklər. Belə çıxır ki, iş görməyin, transfer etməyin heç bir mənası yoxdur. Biz futbolu ‘əliyarlardan’ xilas etməliyik. Azarkeşlərimizi də bu haqsızlığa qarşı səssiz qalmamağa çağırıram. Artıq dözmək mümkün deyil”.