“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ukraynalı vinger Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı yayılan şayiələrə son qoyub. UA-Futbol portalına danışan təcrübəli mütəxəssis, futbolçunun gələcəyi və performansı barədə kəskin fikirlər səsləndirib.
Mütəxəssis bildirib ki, futbolçunun gedişi gündəmdə deyil və yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunların hamısı feyk xəbərlərdir. Ştoqrinlə 2027-ci ilin yayına qədər müqaviləmiz var. Bildiyim qədərilə, oyunçunun özünün də komandadan ayrılmaq kimi bir niyyəti yoxdur”.
Vernidub Ştoqrinin meydandakı fədakarlığını və müxtəlif mövqelərdə çıxış etmək bacarığını xüsusi qeyd edib: “Onun özünəməxsus üstünlükləri var. Məsələn, son oyunda onu sağ cinah müdafiəçisi kimi sınaqdan keçirdim və o, bu tapşırığın öhdəsindən kifayət qədər uğurla gəldi. Andrey çox vicdanlı futbolçudur. Verilən tapşırıqları dəqiqliklə yerinə yetirir, məşqlərdə və oyunlarda özünü maksimum dərəcədə işinə həsr edir. Onun işinə qarşı heç bir iradım yoxdur”.
Xatırladaq ki, Ştoqrin cari mövsümdə “ağ-qaralar”ın heyətində əsas simalardan biri kimi çıxış edir və Vernidubun rotasiyalarında mühüm rol oynayır.