Bu mövsüm rəqiblərini Şamaxıda qəbul edən “Karvan” nəhayət Yevlax şəhər stadionunu süni örtük də olsa təmir edərək geri doğma yurduna qayıtdı. Doğma stadionun fərqi azarkeş sayında da hiss olunurdu. Tribunalarda görməyə adət etmədiyimiz qələbəlik vardı.
İlk dəfə rəqibini doğma şəhərdə qəbul edən “Karvan” üçün oyun elə də yaxşı başlamadı. Qonaqlar 14-cü dəqiqədə hesabı açdı. Lakin “Karvan” fasiləyə qədər hesabı bərabərləşdirə bildi. Cavab topunu qapıçı ilə üzbəüz qalan təcrübəli futbolçu Araz Abdullayev vurdu. İlk yarıda insident də baş verdi. “Karvan”ən oyunçusu Vüsal Məsimov baş məşqçinin qərarına məhəl qoymayaraq əvəz olunmaqdan imtina etdi və meydanda qaldı.
İkinci hissədə gəncəlilər yenidən penalti ilə hesabda irəli çıxdı. Meydan sahiblərinin cəhdləri vəziyyəti dəyişmədi və “Kəpəz” Azər Bağırovun gəlişindən sonra ikinci qələbəsini qazandı. “Karvan”a isə doğma meydan düşərli olmadı və yevlaxlılar turnir cədvəlinin aşağı pillələrində yer alan rəqibi ilə vacib oyunda məğlub oldu. Bu qələbə ilə “Kəpəz” “Karvan”ı 1 xal qabaqlayaraq təhlükəli zonadan çıxdı. “Karvan” isə sonuncu pilləyə yuvarlandı.
Premyer Liqa, 12-ci tur.
“Karvan-Yevlax” – “Kəpəz” 1:2
Qollar: L. Paçu, 14 (0:1). A. Abdullayev, 31 (1:1). R. Hüseynli, 76-p. (1:2).