Neftçi”nin baş məşqçisi Yuri Vernidub “İmişli” üzərindəki böyük hesablı (6:0) qələbəni taktiki gedişlərlə əsaslandırıb. Təmiz hücumçusu olmayan komandanın necə darmadağına imza atdığını izah edən ukraynalı mütəxəssis, eyni zamanda avrokubok yarışı öncəsi futbolçularına ciddi xəbərdarlıq edib: “Artıq səhv etmək şansımız yoxdur!”
Komandanın təmiz hücumçu olmadan meydana çıxmasına baxmayaraq mövsümün ən böyükhesablı qələbəsini qazanmasına toxunan Vernidub, məcburi taktiki dəyişiklik etdiklərini bildirib: “İlk növbədə hər kəsi bayram münasibətilə təbrik edirəm. Bildiyim qədər, bu, Azərbaycanda çox böyük bayramdır. Heyətlə bağlı vəziyyətə gəlincə, Sambu və Abubakar zədəlidir. Əlimizdə Salyanski və Kurçi qalmışdı ki, Kurçi də daha çox cinah oyunçusudur. Biz Varqas variantı üzərində düşündük. Daha əvvəl Qəbələdə ona şans vermişdik, bu gün də eyni mövqedə sınamağa qərar verdik. Onunla danışdıq ki, meydanda daha çox “saxta doqquzluq” funksiyasını yerinə yetirsin. Planımız uğurlu alındı. Futbolçulara təşəkkür edirəm, əhvalları çox yüksək idi”.
Təcrübəli məşqçi builki mövsümdə “İmişli” ilə oyunlarda itirilən xallara da diqqət çəkib: “Bundan əvvəlki matçlarda bu rəqibə bir dəfə uduzmuş, bir dəfə isə heç-heçə etmişdik. Bu, “Neftçi“ üçün qəbulolunmaz nəticə idi. Biz o xalların əvəzini çıxmalı, borcumuzu qaytarmalı idik. Futbolçular bunu bacardılar. İndi qarşıda qısa istirahət var, ayın 24-də isə məşqlərə qayıdırıq.”
Vernidub mövsümün sonuna az qalmış səhv etmək limitlərinin tükəndiyini vurğulayıb: “Bizim səhv etmək şansımız yoxdur. Avrokuboklara vəsiqə qazanmaq üçün maksimum dəqiqliklə oynamalıyıq. Qarşıda turnir cədvəlində birbaşa rəqibimiz olan komandalarla oyunlar var. Əsl xarakterimizi məhz həmin qarşılaşmalarda nümayiş etdirə bilərik. Çox maraqlı mübarizə olacaq”.
Məşqçi komandanın itirdiyi xallara görə məsuliyyəti öz üzərinə götürüb: “Qayda belədir: komanda uduzursa, günahkar məşqçidir. Qalib gəlirsə, bu, futbolçuların uğurudur. Mən kimisə günahlandırmaq istəmirəm. Gəlişimdən bəri cəmi bir dəfə məğlub olmuşuq. Çalışırıq ki, xal itkilərini minimuma endirək. Əsas olan məğlubiyyəti düzgün həzm etmək və yola davam etməkdir. Məni sevindirən odur ki, məğlubiyyətdən dərhal sonrakı oyunda qələbə qazana bildik”.