Şahmatçımız Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilən “IV Women’s Chess Championship” beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, 8 ölkədən 10 güclü şahmatçının mübarizə apardığı turnirdə təmsilçimiz bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ülviyyə Fətəliyeva 9 turdan sonra 6,5 xal toplayaraq turnirin qalibi olub. Təmsilçimiz dünya şahmatının elitasında yer alan və Ümumdünya Şahmat Olimpiadasının qalibləri hesab olunan Nana Dzaqnidze (Gürcüstan) və Harika Dronavalli (Hindistan) kimi titullu rəqiblərini geridə qoymağı bacarıb.
Bu nəticə ilə Ülviyyə Fətəliyeva beynəlxalq arenada növbəti parlaq uğuruna imza ataraq Azərbaycan şahmat məktəbinin gücünü bir daha nümayiş etdirib.