“Qalatasaray” transfer çalışmalarını sürətləndirərək azarkeşlərini sevindirəcək ilk addımı atmağa hazırlaşır. “Sarı-qırmızılılar” bundesliqa təmsilçisi Münhenqladbax “Borussiya”sında çıxış edən 2008-ci il təvəllüdlü Can Armando Güner ilə razılıq əldə edib.
TRT Spor-un verdiyi məlumata görə, uzun sürən danışıqlardan sonra həm 18 yaşlı sağ cinah hücumçusu, həm də klubu ilə ortaq məxrəcə gəlinib. Can Armandonun yaxın vaxtlarda ailəsi ilə birlikdə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Can Armandonun ailə keçmişi olduqca rəngarəngdir: atası türk, anası alman, nənəsi isə argentinalıdır. Hazırda o, əsas milli komanda seçimini hələ etməyib. Maraqlıdır ki, gənc oyunçu daha əvvəl Argentina U17 yığmasında çıxış etmək şansı qazanıb. Cari mövsümdə 14 matçda 4 qol və 3 məhsuldar ötürmə edib.