“Barselona”nın sabiq futbolçusu Tyaqo Alkantara klubun məşqçilər heyətinə daxil olub. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Mütəxəssis əsasən, komandanın taktiki hazırlığı və məşqlərə hazırlıq prosesi ilə məşğul olacaq.
Xatırladaq ki, 2024-cü ilin yayında peşəkar karyerasını başa vuran Tyaqo Alkantara daha əvvəl də “Barselona”nın məşqçilər heyətində müvəqqəti olaraq çalışıb. Lakin ötən ilin avqustunda texniki köməkçi postunu tərk etmişdi. Tyaqo Alkantara “Barselona”nın yetirməsidir. O, əsas komandada 2011–2013-cü illərdə çıxış edib, daha sonra Münhenin “Bavariya” klubuna keçib. İspaniya millisinin sabiq üzvü futbolçu karyerasını İngiltərənin “Liverpul” klubunda başa vurub.