DÇ-2026-nın final mərhələsinə vəsiqəsi uğrunda pley-off mərhələsində Rumıniya ilə qarşılaşan Türkiyə yığması minimal hesablı (1:0) qələbə sayəsində mundiala bir addım da yaxınlaşsa da, ciddi itki ilə üzləşib.
“Football-Italia” nəşrinin yaydığı məlumata görə, “ay-ulduzlular”ın kapitanı Hakan Çalhanoğlu gərgin keçən görüşdə zədələnib. 32 yaşlı yarımmüdafiəçi ağrıları səbəbindən oyunu sona qədər davam etdirə bilməyib və matçın son dəqiqələrində əvəzlənmək məcburiyyətində qalıb.
Hakan bu mövsüm İtaliya A seriyasında “İnter”in heyətində 19 oyuna çıxıb. Təcrübəli pleymeyker 8 qol və 2 məhsuldar ötürmə ilə “neradzurri”nin uğurlarında pay sahibi olub.
Milan təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi olan ulduz futbolçunun transfer dəyəri hazırda 18 milyon avro qiymətləndirilir.
Zədənin ciddiliyi yaxın saatlarda aparılacaq tibbi müayinədən sonra bəlli olacaq. Bu xəbər həm Türkiyə millisi, həm də çempionluq mübarizəsi aparan “İnter” düşərgəsində narahatlıqla qarşılanıb.