İstanbul Respublika Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində, peşəkar liqalarda çıxış edən bir çox klubun rəhbər şəxsləri “danışılmış oyunlar” və “qanunsuz mərc” ittihamı ilə saxlanılıb.
İstanbuldan başlayan araşdırmalar çərçivəsində təhlükəsizlik qüvvələri 10 müxtəlif vilayətdə, ümumilikdə 33 ünvanda eyni vaxtda əməliyyat keçirib. “Futbolda mərc və danışılmış oyunlar” adı verilən bu cinayət işi çərçivəsində 33 şübhəlidən 32-si artıq nəzarətə alınıb. Qaçmağa müvəffəq olan bir nəfərin isə axtarışları davam edir.
İstintaqın ən diqqətçəkən tərəfi prokurorluğun rəsmi bəyanatında öz əksini tapıb. İddialara görə, bəzi klub rəhbərlərinin gizli mərc hesabları aşkar edilib. Bu şəxslərin öz klublarının çıxdığı oyunlarda rəqib komandanın qələbəsinə (“rəqibin xeyrinə”) mərc qoyduqları müəyyən olunub. Bu isə o deməkdir ki, rəhbərlər şəxsi qazanc naminə öz komandalarının məğlubiyyətində maraqlı olublar.
Jurnalist Çağdaş Evren Şenlik-in əldə etdiyi məlumata görə, istintaqın hədəfində həm Super Liqa, həm də aşağı liqalarda çıxış edən tanınmış klublar var. Saxlanılan rəhbərlərin aşağıdakı klublarda fəaliyyət göstərdiyi bildirilir: “Antalyaspor”, “Adana Demirspor”, “Alanyaspor”, “Sivasspor”, “Konyaspor”, “Göztepe”, “Bodrumspor”, “Girəsunspor”, “Dənizlispor”, Kocaelispor”, “Gənclərbirliyi”.
Şübhəlilər Türkiyənin 6222 saylı “İdmanda zorakılığın və iğtişaşların qarşısının alınması haqqında” qanununun 11-ci maddəsini pozmaqda ittiham olunurlar. Bu maddə idman müsabiqələrinin nəticələrini manipulyasiya edən şəxslər üçün ağır cinayət məsuliyyəti və uzunmüddətli həbs cəzası nəzərdə tutur.