2026-cı il FIFA Dünya Çempionatına vəsiqə qazanmaq yolunda sonuncu və ən kritik maneə olan Türkiyə – Kosova pley-off matçının hakimlər briqadası müəyyənləşib. Türkiyə millisinin gələcəyini müəyyən edəcək bu qarşılaşmanı İngiltərə Futbol Assosiasiyasından Maykl Oliver idarə edəcək.
Pley-off mərhələsinin finalında Kosova ilə üz-üzə gələcək “ay-ulduzlular” üçün bu oyun dünya çempionatına bilet qazanmaq yolunda “ya ölüm, ya qalım” xarakteri daşıyır. Turnirin sonuncu və ən kritik döngəsi hesab edilən matçın nəticəsi Türkiyə yığmasının taleyinə aydınlıq gətirəcək.
Həlledici qarşılaşma Kosovanın paytaxtı Priştinada yerləşən “Fadil Vokrri” stadionunda baş tutacaq. Görüş martın 31-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Matçın baş hakimi təyin olunan Maykl Oliver Türkiyə azarkeşləri üçün heç də xoş xatirələrlə yadda qalmayıb. Belə ki, ingilis referi Türkiyə millisinin öz meydanında İspaniyaya 0:6 hesabı ilə məğlub olduğu qarşılaşmanın da əsas söz sahibi idi.