Premyer Liqanın 25-ci turunda “Turan-Tovuz”a 2:3 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra mətbuat mənsublarının suallarını cavablandırıb. Gürcü mütəxəssis komandasının buraxdığı səhvlərdən və sıx oyun qrafikinin yaratdığı fəsadlardan danışıb.
Tsxadadze ilk növbədə Azərbaycan xalqını Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, daha sonra isə oyunun texniki tərəflərinə toxunub: “Hazırda ən böyük problemimiz çox sadə və mənasız qollar buraxmağımızdır. Xüsusilə standart vəziyyətlərdə diqqətsizlik edirik. Son saniyəyədək konsentrasiyanı qorumaq şərtdir. Məsələn, “Neftçi” ilə oyunda dörd nəfərimiz bir rəqib oyunçuya qarşı olsaq da, qol buraxdıq. Bu, çox üzücüdür. Azarkeşləri başa düşürəm, nəticəyə görə məsuliyyət baş məşqçinin üzərindədir. Amma komandada ciddi problem görmürəm; nə fiziki, nə də texniki cəhətdən rəqiblərdən geri qalmırıq. Sadəcə, gərəksiz səhvlər edirik və bunun üzərində ciddi işləməliyik”.
Məşqçi komandanın düşdüyü çətin vəziyyətdən çıxış yolları barədə danışarkən, təqvim sıxlığının futbolçulara təsir etdiyini vurğulayıb: “Məğlubiyyətlər futbolçuların üzərində əlavə yük yaradır. Hər dörd gündən bir meydana çıxırıq. Son ay yarımda 11 oyun keçirmişik. Təbii ki, uduzanda təzyiq daha da artır. “ Sabah”la oyunu (1:7) çıxsaq, komanda ümumilikdə pis təsir bağışlamır. Qış fasiləsindən sonra yaxşı başlamışdıq, qələbələrimiz var idi. Qarşıdakı üç oyuna ciddi hazırlaşıb nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, hər şey qaydasına düşəcək”.Tsxadadze sonda komandanın yenidən özünə gələcəyini və yaxın gələcəkdə uğurlu nəticələrin qayıdacağını bildirib.