Premyer Liqasının 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” doğma meydanda “Turan Tovuz”a 0:3 hesabı ilə məğlub olub. Lakin oyunun nəticəsindən çox, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin oyunsonu mətbuat konfransındakı sərt açıqlamaları gündəmə damğa vurub.
Matçın start fitindən etibarən Kurban Berdıyevin yetirmələrinin təzyiqi ilə qarşılaşan “Qəbələ”, cəmi 18 dəqiqə ərzində qapısında iki qol görüb. Tsxadadze oyunun başlanğıcını “fəlakət” kimi qiymətləndirib: “Oyuna çox pis başladıq. “Turan-Tovuz” kimi nizamlı komandaya qarşı 0:2 geridə olarkən geri dönmək həddindən artıq çətindir. İkinci hissənin əvvəlindəki avtoqol isə bütün planlarımızı alt-üst etdi”.
Sıx qrafik səbəbindən rotasiyaya əl atan gürcü mütəxəssis, şans verdiyi futbolçuların çıxışından ciddi narazı qalıb. O, ehtiyat oyunçuların məsuliyyətsizliyini kəskin tənqid edərək rəhbərliyə və oyunçulara mesaj yollayıb: “Mövsümü cəmi 11 nəfərlə bitirmək qeyri-mümkündür. Əgər ehtiyatdan gələnlər komandaya heç bir fayda vermirsə, onların heyətdə olma səbəbini başa düşmürəm. Şans qazanmaq üçün futbolçu meydanda can qoymalıdır. Mən özünü doğrultmayan oyunçuların yanaşmasını qəbul edə bilmirəm”.
O, komandada yalnız bir nəfəri fərqləndirib: “Hər kəs Murad Musayevdən nümunə götürməlidir. Meydana çıxdı və əsl peşəkar kimi mübarizə apardı”.
Məşqçi həm yerli, həm də legioner futbolçuların oruc tutmasının performansa mənfi təsir etdiyini gizlətməyib. Lakin o, bunun həssas məsələ olduğunu bildirib: “Mən heç kimə “oruc tutma” deyə bilmərəm, bu şəxsi qərardır. Amma gün boyu qidalanmayan və su içməyən oyunçunun fiziki düşüş yaşaması qaçılmazdır”.