“Benfika” – “Real” oyununun əsl qəhrəmanına çevrilən qapıçı Anatoli Trubin, Çempionlar Liqasında vurduğu sensasiyalı qolu (4:2) belə şərh edib:
“Məşqçi mənə rəqibin cərimə meydançasına getməyi tapşırdı. Düzünü desəm, mərhələ keçmək üçün bizə daha bir qolun lazım olduğundan xəbərsiz idim. Cəmi bir dəqiqəmiz qalmışdı, ona görə də var gücümüzlə hücuma atılmalıydıq. Bu, yəqin ki, karyeramın ən çılğın matçı idi. İlk dəfə idi qol vururdum, həm də belə vacib bir anda… Bu, inanılmaz, qeyri-mümkün bir hissdir.
Kurtua bəlkə də dünyanın ən yaxşı qapıçısıdır. Mən sadəcə etməli olduğum şeyi etdim. Hesab edirəm ki, zərbə çox çətin idi və onu dəf etmək asan deyildi. Kurtuanın məni təbrik edib-etməməsinə gəlincə, oyundan sonra meydanda böyük səs-küy var idi, ona görə də sadəcə əl sıxdıq, danışa bilmədik”, – deyə Trubin “Canal+”a bildirib.
Xatırladaq ki, “Benfika”nın “Top-24”-ə düşməsi üçün mütləq daha bir qola ehtiyacı var idi. Artırılmış vaxtın 8-ci dəqiqəsində cərimə zərbəsindən sonra rəqib qapısı önünə gələn Trubin, başla vurduğu möhtəşəm qolla hesabı 4:2-yə çatdıraraq komandasını pley-offa daşıyıb.
Çempionlar Liqasında qol vuran qapıçılar
Bu tarixi hadisədən sonra turnirdə fərqlənən qapıçıların siyahısı belədir:
1. Hans-Yorq Butt (Almaniya) – 3 qol
Bu siyahının mütləq lideridir. Maraqlıdır ki, o, hər üç qolunu penaltidən və hər üçünü də “Yuventus”un qapısına vurub. Üstəlik, bunu üç ayrı klubun (“Hamburq”, “Bayer”, “Bavariya”) heyətində edib.
2. Sinan Bolat (Türkiyə/Belçika) – 1 qol
2009-cu ildə “Standard”ın heyətində “Alkmaar”a qarşı oyunun son saniyələrində (90+5), künc zərbəsindən sonra başla qol vuraraq komandasını Avropa Liqasına daşımışdı.
3. Vinsent Enyeama (Nigeriya) – 1 qol
2010-cu ildə Təl-Əviv “Hapoel”inin heyətində “Lion”un qapısına penaltidən yol tapıb.
4. İvan Provedel (İtaliya) – 1 qol
2023-cü ildə “Latsio”nun qapıçısı “Atletiko” ilə görüşün 90+5-ci dəqiqəsində irəli atılaraq, möhtəşəm baş zərbəsi ilə hesabı bərabərləşdirib.
5. Anatoli Trubin (Ukrayna) – 1 qol
“Benfika”nın heyətində “Real”la matçın (4:2) son saniyələrində başla vurduğu qolla adını bu tarixi siyahıya saldı.