Qış transfer pəncərəsi üçün hazırlıqlarını davam etdirən “Qalatasaray”da dayaq yarımmüdafiəçisi mövqeyi üçün siyahının ilk pilləsində Manuel Uqarte qərarlaşıb. Uruqvaylı ulduz Lukas Torreyranın milli komandadan yoldaşı olan Uqarte üçün zamin durduğu bildirilir. Hazırda transfer prosesinin gedişatını “Mançester Yunayted”in tələbi müəyyən edir.
“Qalatasaray” qış fasiləsində heyətini 3-4 yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Əsas məqsəd Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə, UEFA siyahısında dəyişikliklər edərək daha iddialı heyət qurmaqdır.
Hücum xəttinə də əlavələr nəzərdə tutulsa da, əsas üstünlük dayaq yarımmüdafiəçisi transferinə verilib. “Qalatasaray”ın aparıcı simalarından olan Lukas Torreyranın 24 yaşlı həmyerlisinin transferində israrlı olduğu və onun üçün rəhbərliyə müsbət rəy verdiyi qeyd olunur.
İngiltərə klubu Uqarte üçün 30 milyon avro təzminat tələb edir. “Qırmızı şeytanlar” transferin yalnız məcburi satın alma şərti ilə icarə formulu əsasında reallaşa biləcəyini “Qalatasaray”a çatdırıb.
“Sarı-qırmızılılar” hələlik bu maliyyə yükünün altına girməyə tələsmir. Klubun transfer strategiyası Çempionlar Liqasındakı aqibətindən asılıdır. Məlumata görə, rəhbərlik transferlə bağlı son qərarı vermək üçün “Atletiko Madrid” və “Mançester Siti” ilə keçiriləcək oyunların nəticəsini gözləyir.