Gürcüstanın paytaxtında start götürən dünya cüdosunun ən önəmli turnirlərindən biri olan “Böyük Dəbilqə”də Azərbaycan millisi ilk gündən öz sözünü deyib. Yarışın açılış günündə tatamiyə çıxan təmsilçilərimiz gərgin mübarizəyə qoşulublar. Günün əsas qəhrəmanı, rəqiblərinə şans tanımayan Turan Bayramov finala vəsiqə qazanmaqla turnirə inamlı başlanğıc edib.
Günün əsas hadisəsi 66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramovun nümayiş etdirdiyi yüksək texnika və iradə oldu. Turnirə sürətli start verən cüdoçumuz ardıcıl qələbələrlə rəqiblərini mübarizədən kənarlaşdırd. Bayramov ilk olaraq fransalı Kilian Noeli, ardınca rusiyalı Abrek Naquçevi məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə almaniyalı Lenni Linus Bürkü, 1/4 finalda isə finlandiyalı Luukas Sahunu üstələyərək yarımfinala adlayıb. Yarımfinalda meydan sahibi Tornike Qiqaunini (Gürcüstan) öz azarkeşləri önündə məğlubiyyətə uğradan Turan, adını turnirin finalına yazdırıb.
Digər cüdoçularımız üçün yarışın startı fərqli nəticələrlə yadda qalıb. Rəşad Yelkiyev (66 kq) ilk görüşündə niderlandlı Yoxem van Harteni məğlub etsə də, 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevlə bacarmayaraq turniri başa vurub.
Turnirə inamlı başlayan Könül Əliyeva (48 kq), ardıcıl olaraq Mişeel Altanşaqal (Monqolustan) və Mari De Varqas Leyə (Çili) qalib gəlib. Lakin 1/4 finalda türkiyəli Tuğçe Bedere, təsəlliverici görüşdə isə rusiyalı Marina Vorobyovaya uduzaraq çıxışını medalsız yekunlaşdırıb.
Leyla Əliyeva (52 kq) startda israilli Qefen Primoya uduzaraq mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Azərbaycan turnirdə ümumilikdə 11 idmançı ilə təmsil olunur.