Səudiyyə Ərəbistanında transfer pəncərəsinin son günündə Kərim Benzemanın “Əl-İttihad”dan Əl-Hilal”a keçidi böyük səs-küyə səbəb olub. Bu transfer fonunda fransız ulduzla köhnə komanda yoldaşı Kriştianu Ronaldo arasında yaşanan gərginlik gündəmi zəbt edib.
Yayılan məlumatlara görə, Ronaldo “Əl-Hilal”ın “Əl-Nəsr”dən daha çox dəstək aldığını iddia edərək, Benzemanın bu keçidinə etiraz edib və transferin ləğvini istəyib. Lakin Benzemanın qərarı qəti olub və o, portuqaliyalı futbolçunun narazılığına rəğmən “Əl-Hilal”la müqavilə imzalayıb.
“Telegraph” nəşrinin yaydığı şok iddiaya görə, Benzema “Real”da köhnə dostu olan Ronaldoya mesaj göndərərək onu qıcıqlandırıb: “Mənim maaşım səninkindən daha yüksəkdir və mən növbəti çempionluğa doğru gedirəm.” Bu ismarışın Ronaldonu ciddi şəkildə qəzəbləndirdiyi bildirilir.
Benzema yeni klubu “Əl-Hilal”ın heyətində çıxdığı ilk rəsmi matçda (“Əl-Oxdud”a qarşı) möhtəşəm oyun nümayiş etdirib. Komandasının 6:0 hesablı qələbəsi ilə başa çatan görüşdə fransız forvard het-trik edərək azarkeşlərin rəğbətini qazanıb.
Çempionluq yarışı da gərginliyi ilə seçilir: hazırda “Əl-Hilal” 50 xalla turnir cədvəlinə başçılıq edir. Onu cəmi bir xal fərqlə — 49 xalla “Əl-Nəsr” təqib edir.