Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoldaşlıq görüşünü keçirib. “Kimyaçılar” Macarıstan çempionatının cari mövsümündə sürpriz çıxışı ilə diqqət çəkən və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Pakş”la qarşılaşıb. Bu qarşılaşma Saşa İlçin komandası üçün oyunçuların fiziki formasını bərpa etmək və təlim-məşq prosesində üzərində işlənilən yeni taktiki sxemləri real oyun şəraitində yoxlamaq üçün əla fürsət idi. Təssüf ki, sumqayıtlılar meydanı böyük hesablı məğlubiyyətlə tərk ediblər – 1:5 (1:2).”Kimyaçılar”ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub.
Serbiyalı mütəxəssis komandasının böyük hesablı məğlubiyyətini belə şərh edib:”Bu cür matçlarda nəticə önəmli deyil və yoldaşlıq oyunlarındakı hesab bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Qolları əsasən fərdi səhvlər ucbatından buraxdıq, bunun üzərində işləyəcəyik. Cəmi 4-5 gündür ki, məşqlərə başlamışıq. Gənclərin təcrübəyə ehtiyacı var və biz onlara bu imkanı yaradırıq. Bəzi legionerlər komandaya gec qoşulub, ona görə də optimal formadan danışmaq hələ tezdir.”
“Sumqayıt” Antalyadakı ikinci yoldaşlıq oyununu yanvarın 12-də keçirəcək. Həmin gün Gənclik şəhərinin təmsilçisi Serbiyanın köklü klublarından olan OFK (Belqrad) ilə qarşılaşacaqlar.