Lionel Messinin komandası “İnter Mayami” MLS-in son turunda “Atlanta”nı 4:0 hesabıyla məğlub edib. Bu oyunda ən yadda qalan məqam Luis Suaresin rəsmi oyunlarda 600-cü qolunu vurması olub. Uruqvaylı hücumçu futbol tarixində bu mərhələyə çatan on birinci oyunçudur. İndi onun məqsədi ilk onluğa düşməkdir. Bunun üçün o, karyerasında 620 qol vuran portuqaliyalı Eysebionu keçməlidir. Suaresin birinci dünya müharibəsindən əvvəl 631 qol vuran alman Ervin Helmheni də keçmək şansı var.
38 yaşlı hücumçu karyerasına doğma ölkəsinin “Nasional” klubunda başlayıb və 2022-23 mövsümündə ikinci dəfə bu komandaya qayıdıb. Ümumilikdə, “Nasional”da 51 oyunda 20 qol vurub.
Suaresin Avropa futboluna ilk addımı “Qroningen”dən başlayıb. O, burada 37 oyunda 15 qol vurub və daha sonra “Ayaks”da əsl ulduz hücumçu kimi parlayıb: 159 oyunda 111 qol. 2011-ci ildə “Liverpul”a keçən forvard üç yarım mövsümdə 133 oyunda 82 dəfə fərqlənib. Bundan sonra uruqvaylı Barselonaya yollanaraq Messi və Neymar ilə əfsanəvi hücum xəttini yaradıb. Blauqranada 198 qol vuran Suares 2020-ci ildə “Atletiko”ya keçib və İspaniya paytaxtındakı ilk mövsümündə Diego Simeonenin komandası ilə La Liqanı qazanıb. O, “Atletiko” üçün 83 oyunda 34 qol vurub. Braziliya klubu “Qremio”da keçirdiyi bir il ərzində 29 qol vurduqdan sonra yenidən Messi ilə yollarını birləşdirib.
Suares karyerasında ümumilikdə 1,025 oyun keçirib və bu, onun hər oyuna orta hesabla 0.58 qol vurması deməkdir.
Hazırda oynayan futbolçulardan Ronaldonun 946, Messinin 886, Levandovskinin isə 679 qolu var.