Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisi növbəti uğuruna imza atıb. Komandamızın lider üzvü Selcan Mahsudova fərdi mübarizədə gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib.
Milli gimnastımız final mərhələsində hakimlərdən 56.440 xal alaraq ikinci yeri tutub. Bu nəticə Selcan üçün sadəcə medal deyil, həm də yeni bir zirvə deməkdir. İdmançı çıxışından sonra təəssüratlarını belə bölüşüb: “Bu yarışda öz şəxsi rekordumu yenilədim. Belə uğurlar gələcək turnirlər üçün böyük motivasiya mənbəyidir. İnanıram ki, Niderlandda keçiriləcək növbəti Dünya Kubokunda daha yaxşı nəticə göstərəcəyəm”.
Selcan qardaşı Maqsud Mahsudovun beşinci yerlə kifayətlənməsinə də toxunub. O, qardaşının potensialının yüksək olduğunu vurğulayıb: “Maqsudun gücü hər kəsə bəllidir, ondan medal gözləyirdik. Təəssüf ki, bu dəfə bəxti gətirmədi. Amma ruhdan düşmürük, qarşıda hələ sinxron proqramda çıxışımız var”.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın qüvvəsini sınadığı mötəbər turnirə bu gün yekun vurulacaq. Azərbaycan gimnastları həm fərdi, həm də sinxron proqramlarda ölkəmizi təmsil etməkdə davam edirlər.