Premyer Liqanın 26-cı turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç qarşılaşmadan sonra media mənsublarının suallarını cavablandırıb. Serbiyalı mütəxəssis həm oyunun nəticəsini dəyərləndirib, həm də komandadakı gələcək taleyinə aydınlıq gətirib.
Artıq 10 oyundur qələbə üzünə həsrət qalan “gənclik şəhəri” təmsilçisində baş məşqçinin istefası gündəmdədir. İliç bu barədə verilən suala kifayət qədər soyuqqanlı cavab verib: “Qələbə münasibətilə rəqibi təbrik edirəm. Buraxdığımız bir neçə ciddi səhv məğlubiyyətimizə səbəb oldu. İstefa məsələsinə gəlincə, mənimlə bağlı son qərarı klub rəhbərliyi verir. Bu baxımdan heç bir problem görmürəm”.
Baş məşqçi komanda daxilindəki nizam-intizam və oyun tapşırıqlarının icrası ilə bağlı narazılığını da gizlətməyib. O, konkret adlar çəkərək futbolçularına xəbərdarlıq edib: “Futbolçulara konkret tapşırıqlar veririk. Məsələn, Səbuhi Abdullazadəyə mərkəzdə belə səhvlərə yol verməyin mümkünsüzlüyünü izah edirik, lakin eyni ssenari hər dəfə təkrarlanır. Bu gün Səbuhidirsə, sabah Masaka, o biri gün isə Ninkoviçdir. Birinə dediyimiz sözü hər kəs özünə aid etməlidir. Çünki “Neftçi ” kimi klublar bağışlamır, xətaları dərhal qola çevirir”.
İliç komandanın hazırkı potensialı və keçən ilin sonunda baş tutmayan planlardan da söz açıb. O, “Sumqayıt”ın hazırda çempionatın favoritləri ilə rəqabət apara biləcək gücdə olmadığını etiraf edib: “Premyer Liqada bizdən səviyyəcə üstün 4-5 klub var. Biz maksimum formamızı ötən ilin noyabrında yığmışdıq. O vaxt heyəti gücləndirmək üçün bir neçə transfer reallaşdırmaq istəsək də, təəssüf ki, alınmadı. İndi əlimizdə olan gənclər özlərini göstərməli və bu məsuliyyəti üzərlərinə götürməlidirlər”.