“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Qəbələ” ilə oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib.
Serbiyalı mütəxəssis qolsuz bərabərliklə başa çatan qarşılaşmanı şərh edərək komandasının çıxışını dəyərləndirib: “Oyunun ilk 20 dəqiqəsində yaxşı futbol nümayiş etdirdik. Lakin birinci hissənin sonuna yaxın meydanda vəziyyət bizim üçün fəlakətli hal almağa başladı. İkinci hissədə oyunumuzda müəyyən düzəlişlər etdik, amma təəssüf ki, qələbə qolunu vura bilmədik”.
Jurnalistlərin futbolçuların əldə olunan fürsətlərə qarşı məsuliyyətsiz yanaşması barədə sualına baş məşqçi belə cavab verib: “Xeyr, futbolçuların məsuliyyətsiz olduğunu deməzdim. Onlar sadəcə ötürmələrdə və qərar qəbulunda səhvlərə yol verirlər. Problem oyunçuların yanaşmasında yox, texniki qərarlardadır”.
Ardıcıl üç oyundur qələbə qazana bilməyən “Sumqayıt”ın turnir cədvəlindəki mövqeyi və avrokubok şansları barədə danışan İliç optimistliyini qoruyub: “Qarşıda hələ çox oyunumuz var. Bizi ciddi və çətin sınaqlar gözləyir. Hədəfimiz növbəti matçlarda maksimum nəticə göstərmək və turnir cədvəlindəki iddiamızı davam etdirməkdir”.