Salaha yenə Maneyə uduzdu
Afrika Millətlər Kubokunun (AMK-2025) ilk yarımfinalı məhz bu afişa altında keçdi: Salah Maneyə qarşı. Əslində, bu qarşıdurma üçün fərqli kontekstlər də tapmaq olardı. Məsələn, “fironlar”ın turnirin rekordçusu olması və 1/4 finalda son çempion Kot-d’İvuarı mübarizədən kənarlaşdırması oyuna xüsusi rəng qatırdı. Beləliklə, Misir builki yarımfinalda turnirin ondan əvvəlki qalibi ilə üz-üzə gəlirdi.
Maraqlıdır ki, “Teranqa şirləri” AMK-nın yarımfinal mərhələsində Misirlə daha əvvəl də qarşılaşıb. 2006-cı ildə seneqallılar məğlub olsalar da, 2021-ci ilin finalında Mane penaltilər seriyasında Salaha qalib gəlmiş, daha sonra eyni ssenarini DÇ-2022-nin seçmə mərhələsində təkrarlanmışdı. Bir sözlə, bu rəqabəti artıq futbol dünyasının “klassikası” adlandırmaq olar. Sevindirici hal idi ki, hər iki komanda bu oyuna optimal heyətlə çıxmışdı.
Lakin oyun gözlənildiyi qədər məhsuldar keçmədi. “Fironlar” hücum xəttində demək olar ki, heç nə yarada bilmədilər. Düzdür, rəqib də buna imkan vermirdi. Əgər 1/4 finalda Marmuş və Salah əks-hücumlarda rəqibi darmadağın edib, 4 zərbədən 3 qol vurmuşdularsa, Seneqalla oyunda bu super ulduzlar kölgədə qaldılar.
Oyunun taleyini isə Sadio Manenin 78-ci dəqiqədə vurduğu yeganə qol həll etdi. Mane rəqib cərimə meydançasının yaxınlığında rikoşetdən sonra topu ələ keçirərək, yaxın (sol) küncə yerdən güclü və dəqiq zərbə endirdi. Qapıçı belə bir zərbəni gözləmirdi – 1:0.
Yalnız buraxılan qoldan sonra misirlilər hücum etmək lazım olduğunu xatırladılar. “Fironlar” son dəqiqələrdə rəqib qapısına təzyiq göstərməyə çalışsalar da, bu, daha çox xaotik hücumları xatırladırdı. Cərimə meydançasında bir neçə təhlükəli epizod yaransa da, qapıya ikinci zərbə yalnız əlavə olunmuş son dəqiqədə vuruldu. Marmuşun uzaq məsafədən endirdiyi zərbə isə qapıçı Mendi üçün ciddi problem yaratmadı.
Yekunda final fiti Seneqalın layiqli qələbəsini rəsmiləşdirdi. Mane bir daha Salaha qalib gəldi və “Teranqa şirləri” AMK-2025-in ilk finalçısı oldu.