Yığma komandamız sona bir tur qalmış ikinci sıradadır
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı sabah başa çatacaq. İsveçrə sistemiylə birincilik 8 turdan ibarətdir. 7-ci turda kişilərdən ibarət yığma komandamız Macarıstanı 3:1 hesabı ilə məğlub edib. Eltac Səfərli Sanan Syuqirovu, Aydın Süleymanlı Benjamin Qleduranu yenib. Müvafiq olaraq, Riçard Rapport və Peter Leko ilə qarşılaşan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov sülh bağlayıblar. Bu turdan sonra hesabında 11 xal olan millimiz 2-ci yerdə qərarlaşıb.
Qadın yığmamız isə gürcü şahmatçılara uduzub – 1,5:2,5. Gülnar Məmmədova Meri Arabidzeni yenib, Xanım Balacayeva Lela Cavakaşvili ilə heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə müvafiq olaraq, Nino Batsiaşvili və Bella Khotenaşviliyə uduzublar. Hazırda turnir cədvəlinin 10-cu pillədə qərarlaşan qadın komandamızın 8 xalı var.