Keçmiş argentinalı hakim Xavyer Kastrilli, “Real”in vingeri Vinisius Juniora qarşı irqçilik etdiyi iddia olunan “Benfika”nın hücumçusu Canluka Prestianninin cəzalandırılmasına kəskin münasibət bildirib.
Vinisius Prestiannini onu “meymun” adlandırmaqda ittiham edib. Lakin həmin an argentinalı futbolçunun ağzını forması ilə örtməsi dodaq oxumağı qeyri-mümkün edib. Buna baxmayaraq, UEFA Prestiannini müvəqqəti olaraq oyunlardan kənarlaşdırıb.
Vinisiusu təxribatçı adlandıran Kastrilli bu qərara belə reaksiya verib: “UEFA Prestiannini cəzalandırdı? Sübut olmadan? Bundan sonra hər kəs sübutsuz ittiham edilə bilər? Avropanın məruz qaldığı deqradasiyanın səviyyəsi budur. Bu, artıq futbola da sirayət edib”.
Bundan əvvəl, sabiq hakim sosial şəbəkə hesabında Vinisius haqqında daha sərt fikirlər səsləndirmişdi:
“Bu təxribatçı, qorxaq hakimlərin ona verdiyi cəzasızlıqdan istifadə edərək alçaldır, təhqir edir, böhtan atır və zorakılığa təhrik edir. Sonra isə insan axmaqlığından müdafiə olunurmuş kimi özünü qurban obrazında təqdim edir”.