Bakının “Sabah” klubunun almaniyalı hücumçusu Coy-Lans Mikkels Azərbaycan çempionatlarının tarixinə adını yazdırıb. Təcrübəli forvard iki fərqli mövsümdə 15 və daha çox qol vurmağı bacaran ikinci əcnəbi futbolçu olub.
Mikkelsin Azərbaycan karyerasındakı məhsuldarlığı diqqət çəkir. O, üç mövsüm əvvəl rəqib qapılarına 17 yol tapmağı bacarmışdı. Cari mövsümdə isə formasını bərpa edən hücumçu artıq 15 qol həddinə çataraq stabilliyini nümayiş etdirib.
Peşəkar Futbol Liqasının (PFL) statistikasına əsasən, Mikkelsə qədər bu göstəriciyə imza atan yeganə legioner “Neftçi”nin sabiq üzvü Baxodir Nəsimov olub. Özbəkistanlı forvard da iki fərqli mövsümdə 15 qol limitini keçməklə yadda qalmışdı. Beləliklə, Mikkels bu tarixi uğuru təkrarlayan ikinci əcnəbi oyunçu statusunu qazanıb.