“Sabah” klubu Premyer Liqada özünün məhsuldarlıq rekordunu yeniləyərək önəmli bir həddi geridə qoyub. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 350-ci qoluna imza atıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, “bayquşlar”ın yubiley qolu Premyer Liqanın XXVII turuna təsadüf edib. “Zirə” ilə keçirilən gərgin qarşılaşmada (2:2) komandanın müdafiəçisi İqor Noqeyra rəqib qapısına yol taparaq adını klubun tarixinə 350-ci qolun müəllifi kimi yazdırıb.
“Sabah” bu göstəriciyə ümumilikdə çıxdığı 239 oyunda nail olub.
350 qolluq yubileyə gedən yolda paytaxt təmsilçisi çıxdığı hər qarşılaşmada orta hesabla 1,46 qol vurmaqla kifayət qədər stabil məhsuldarlıq nümayiş etdirib. Komanda bu qollardan 183-nü ev, 167-ni isə səfə oyunlarında vurub.
Xatırladaq ki, “Sabah” ölkə çempionatları tarixində 350 qol həddini keçməyi bacaran 13-cü klub olub. Klubun Premyer Liqadakı qol hesabını açan ilk sima isə unudulmaz hücumçu Marko Deviç olub. O, 12 avqust 2018-ci il tarixində “Keşlə” (hazırkı “Şamaxı”) ilə oyunda komandasının ilk qoluna imza ataraq bu böyük yolun təməlini qoyub.