Yüksək mükafatlar uğrunda mübarizəyə namizəd olan komandaların qarşılaşmasını turun mərkəzi görüşü də saymaq olardı. Oyunun ilk yarısı tamamilə “Sabah”ın üstünlüyü ilə keçdi və meydan sahibləri haqlı olaraq hesabı açdılar. Maluda sağ cinahdan ötürməni bir toxunuşla qapıya dəqiq yönəltdi. Maluda qolu zədəli Şafrankonun formasının nümayişi ilə bayram etdi. Az sonra meydan sahibləri daha bir qol vurdu. Simiç baş zərbəsi ilə fərqləndi. İlk yarının yekunu tamamilə ədalətli idi.
İkinci hissədə də vəziyyət dəyişmədi. “Zirə” qapıya bir zərbə ilə yadda qaldığı halda meydan sahibləri üstünlüyü bir daha qola çevirdi. Bu dəfə Simiç təkbətəkdən yararlandı. “Sabah” daha məzmunlu, sürətli və məntiqli hücumlar qururdu. Qonaqlar isə özünə bənzəmirdi. Nə sürət, nə də kombinasiyalı oyun baxımından Rəşad Sadıqovun yetirmələrində heç nə alınmırdı. Görünür, heyətdəki itkilərin fonunda Dmbrauskas komandasını daha yaxşı hazırlaya bilmişdi. Sadıqovun əvəzetmələri də oyunun mənzərəsini dəyişmədi və “Zirə” bu mövsüm ilk məğlubiyyətini qazandı.
Premyer Liqa, 8-ci tur
“Sabah” – “Zirə” 3:0
Bank Respublik Arena
Hakim: Cavid Cəlilov
“Sabah”: Stas Pokatilov, Rəhman Daşdəmirov, Xəyal Əliyev, Velko Simiç, Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepiniça, Kahim Parris, Umarali Raxmonaliyev, Aron Maluda.
“Zirə”: Tiaqo Silva, Namik Ələskərov, Qismət Alıyev, Hacıağa Hacılı, Stefan Aka, Ruan Renato, Enrike Kustodio, Giorgi Papunaşvili, Brahim Konate, Junior Martins, Yeqor Boqomolski.
Qol: Maluda, 42 (1:0). Simiç, 45+2 (2:0). Simiç, 72 (3:0).