İlk oyundakı qolsuz heç-heçədən sonra “Qəbələ” sərfəli nəticə ilə oyuna çıxırdı. Lakin istənilən halda “Sabah” cütün favoriti idi. Oyunun böyük hissəsi bu proqnozu doğrultdu. Rəqibindən aşkar üstün olan qonaqlar çox inamlı görünürdü. Xüsusən də, Ba Luanın 48-cı dəqiqədə qırmızı vərəqə almasından sonra “Sabah”ın artıq rahat qələbə qazanacağl güman olunurdu. Puxaçın sol ayağı ilə iki güclü zərbəsindən sonra topu qapıdan çıxaran qəbələlilərin oyunu xilas etməsu möcüzə kimi görünürdü. Oyunun əsas vaxtının bitməsinə 2 dəqiqə qalmış bu möcüzə baş verdi. Kaxaber Tsxadadzenin azlıqda qalan yetirmələri paytaxt klubuna əsl cəhənnəm yaşatdı. 2 dəqiqəyə 2 qol vuran İsmael Akinade oyunu əlavə vaxta sürüklədi. Hər iki qolun ötürməsini sonradan meydana çıxan Eşqin Əhmədov verdi. Oyunun 180 dərəcə dəyişməsində “Sabah”ın yoluxduğu yeni xəstəlik də rol oynadı. Son çempionat oyununda sona yaxın “Qarabağ”dan 3 qol buraxaraq qələbəni əldən verən “Sabah” bu dəfə də eyni mərəzdən zərər çəkdi. Bundan başqa Tsxadadzenin əvəzetmələri faktiki olaraq oyuna müsbət təsir etdiyi halda, Valdas Dambrauskasın dəyişikliyi əksinə işlədi. Əlavə yarım saat da intriqalı alındı və komandalar azarkeşlərə əsl triller yaşatdı. 105-ci dəqiqədə Coy-Lans Mikkels “Sabah”ı yenidən önə keçirdi. Lakin “Qəbələ” azlıqda olmasına və yorulmasına baxmayaraq özündə gec tapıb qələbə topunu vurdu. Bu qolda da Tsxadadzenin əvəzetmələri əsas pay sahibi oldu. Eşqin 3-cü qol ötürməsində də iştirak edərək demək olar “man of the match” tituluna layiq oldu, Nuğay Rəşidov isə ustalıqla ötürməni qola çevirdi.
Oyunsonrası penaltilərdə Pokatilov daha etibarlı oynayaraq iki penaltini qaytardı.
Yarımfinal biletini “Sabah” qazansa da, gecənin əsl qəhrəmanları məğlub olmalarına rəğmən “Qəbələ” futbolçuları oldu.
Dambrauskas bu oyundan ciddi nəticələr çıxarmasa, çempionluq uğrunda marafonda ciddi çətinlikləri olacaq. 120 dəqiqəlik oyun, Simiçin zədələnməsi və yorğunluq onsuz da “Sabah”ın funksional vəziyyətinə təsir edəcək. Çempionatın növbəti oyunu “Sabah” üçün həlledici olacaq. Daha bir büdrəmə komandada psixoloji duruma ağır zərbə olacaq.
“Qəbələ” isə əksinə sevindirdi. Məğlubiyyətə baxmayaraq komanda çempionatda da eyni inadkarlığı və fiziki hazırlığı nümayiş etdirsə, çoxlarının başına bəla olacaq. Amma elə mövsümün əvvəlindən bu komanda daha çox “gələn ilin komandası” siqnalını verir. Tsxadadze bu tempi və fəlsəfəni saxlasa, üstəlik heyətə azacıq əl gəzdirsə, gələn mövsüm üçün döyüşkən kollektiv hazırlaya biləcək.
Ölkə Kuboku, 1/4 final, cavab oyunu
QƏBƏLƏ – SABAH – 3:3 (penaltilər seriyası: 2:4)
(İlk oyun – 0:0)
Baş hakim: Rəvan Həmzəzadə.
Qollar:
0:1 Puhaç, 31′
0:2 Puhaç, 62′
1:2 Akinade, 88′
2:2 Akinade, 90′
2:3 Mikkels, 105′ (əlavə vaxt)
3:3 Rəşidov, 114′ (əlavə vaxt)
Penaltilər seriyası:
Syerra (1:0)
Mikkels (1:1)
Musayev (qapıçı dəf etdi)
Puhaç (1:2)
Massumo (2:2)
İsayev (2:3)
İskəndərov (qapıçı dəf etdi)
Pərris (2:4)
“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev (k), Turan Manafov (Nuqay Rəşidov, 60), Nicat Əliyev (Eşqin Əhmədov, 60), Şahin Şahniyarov (Domi Massumo, 60), İsmayıl Akinade, Seydin Keyta (Eduardo Kunde, 76), Adriel Ba Lua, Xayme Syerra, İsaak Amoa, Prins Ovusu (Fərid İskəndərov, 76).
“Sabah”: Stas Pokatilov (k), Abdulla Xaybulayev, Velko Simiç, İqor Noqeyra (Rəhman Daşdəmirov, 70), Akim Zedadka (Amin Seydiyev, 80), Stiv Solve, Cessi Sekidika (Tellur Mütəllimov, 87), Timoteuş Puhaç, İvan Lepinitsa (Zinedin Uld-Xaled, 80), Kahim Pərris, Stiven Ende (Coy-Lans Mikkels, 70).
Sarı vərəqələr: Əliyev, 50. Solve, 57. Noqeyra, 61. Rəşidov, 116.
Qırmızı vərəqə: Adriel Ba Lua, 48.