Günün ən parlaq çıxışını 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Paşayev nümayiş etdirib. Turnirə birbaşa ikinci mərhələdən başlayan Paşayev, ardıcıl qələbələrlə finala gedən yolu inamla keçib. İlk görüşündə israilli Eran Fiksi məğlub edərək yarışa dinamik start verib. 1/8 finalda serbiyalı Matiya Yeremiçi, dörddəbir finalda isə ispaniyalı Adrian Nieto Çinarronu sıradan çıxararaq yarımfinala adlayıb. Bu mərhələdə digər bir İspaniya təmsilçisi David Qarsiya Torne ilə qarşılaşan cüdoçumuz, rəqibi üzərində qələbə çalaraq finala yüksəldi. Ruslan qızıl medal uğrunda həlledici qarşılaşmada Braziliya təmsilçisi Ronald Lima ilə üz-üzə gələcək.60 kq çəkidə ölkəmizi təmsil edən Murad Muradlı yarışa olduqca sürətli start versə də, finiş nöqtəsində bəxti gətirmədi. Almaniyalı Maksim Taran və macar Çanad Fetsko üzərində qazandığı parlaq qələbələrdən sonra o, dörddəbir finalda yaponiyalı Seyu Satoya məğlub oldu. Təsəlliverici görüşdə Qazaxıstan idmançısı Aman Bakıtjana uduzan Muradlı, turniri medalsız başa vurmalı oldu.Eyni çəki dərəcəsində (66 kq) mübarizə aparan digər təmsilçimiz İslam Rəhimov üçün turnir gözlənildiyindən tez bitdi. İlk mərhələdən azad olan Rəhimov, tatamiyə çıxdığı ilk qarşılaşmada italyan Alessio De Lukkaya məğlub olaraq mübarizəni dayandırdı.