“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz” üzərində qazanılan qələbəni (2:0) şərh edib.
Oyun haqqında təəssüratlarını bölüşən məşqçi bunları söyləyib:
“İlk görüşdə qələbə qazansaq da, cavab oyunu öncəsi bu nəticəni unudaraq matça tam ciddi hazırlaşmışdıq. Erkən vurduğumuz qol komandada müəyyən arxayınlıq yaratsa da, bu, ümumi gedişata təsir etdi. İkinci hissənin əvvəlində daha bir qol vuraraq üstünlüyümüzü möhkəmləndirdik. Əgər əks-hücumlardan daha səmərəli istifadə etsəydik, hesab daha böyük ola bilərdi. Kubokda qarşımıza böyük məqsədlər qoymuşuq və finala qədər irəliləmək istəyirik. Lakin indi bu oyunu unudub, diqqətimizi Premyer Liqa matçlarına yönəltməliyik”.
Cəzalı olduğu üçün oyunu tribunadan izləyən baş məşqçi Qurban Berdiyevin göstərişləri barədə danışan Abışov belə deyib: “O, oyunu tribunadan daha aydın görürdü və təbii ki, müvafiq tapşırıqlarını verirdi. Mən də öz növbəmdə bu göstərişləri futbolçulara çatdırmağa çalışırdım. Əsas odur ki, məqsədimizə çatdıq və yarımfinala vəsiqə qazandıq”.Final yolunda “Qarabağ” və ya “Sabah”la qarşılaşmamağın üstünlük olub-olmaması ilə bağlı suala məşqçi belə cavab verib: “Bizim üçün bu turnir çox vacibdir. Yarımfinalda rəqibimiz “Zirə” olacaq. Onlar da bizim kimi turnirdə yüksək hədəflər uğrunda mübarizə aparırlar. Bir daha qeyd edim ki, hədəfimiz finala yüksəlmək və kuboku Tovuzun aparmaqdır”.