Rusiyanın idman mühiti son illərin ən qanlı cinayət xəbərlərindən biri ilə sarsılıb. “Ural-2” klubunun perspektivli müdafiəçisi Daniil Sekaç, yaşıl meydanlardakı uğurları ilə deyil, törətdiyi dəhşətli cinayətlə gündəmə gəlib. Gənc futbolçu rusiyalı qadın sahibkarı qarət etməkdə və qətlə yetirməkdə ittiham olunur.
Rusiya mediasının yaydığı məlumata görə, Sekaç cinayəti əvvəlcədən planlaşdırıb. O, xanımının 16 yaşlı qızını aldadaraq mənzilə daxil olub. Futbolçu yeniyetməni manipulyasiya edərək təkcə qapını açdırmayıb, həm də seyfin açarlarını ələ keçirib.
Hadisənin ən dəhşətli məqamı isə mənzil sahibəsi evə gəldikdə yaşanıb. Sekaç qadına hücum edərək onu vəhşicəsinə qətlə yetirib. Evdən bir neçə min dollar nağd pul və külli miqdarda qiymətli zinət əşyaları oğurlayan futbolçu hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Daniil Sekaç saxlanılıb. Məlum olub ki, o, oğurladığı qəniməti artıq kuryer vasitəsilə gizlətməyə çalışıb. “Ural-2” rəhbərliyi və məşqçilər korpusu hadisədən şokdadır. Məşqçisi Sekaçın komandada perspektivli oyunçu kimi tanındığını, onun pul və ya qumar asılılığı kimi hər hansı problemini müşahidə etmədiklərini bildirib.
Futbolçunun atası isə oğlunun cinayət törətdiyini inkar etmir, lakin onun “ukraynalı fırıldaqçıların” təsiri və təzyiqi altında hərəkət etdiyini iddia edir.Hazırda faktla bağlı cinayət işi davam edir. Karyerasını yaşıl meydanlarda qurmalı olan gənc müdafiəçini ömürlük həbs təhlükəsi gözləyir.