Portuqaliyalı ulduz Kriştiano Ronaldonun “Əl-Nəsr” rəhbərliyindən narazı qalaraq məşqləri boykot etməsi və Səudiyyə Ərəbistanında yaranan “Ronaldo böhranı” gündəmi zəbt edib. Vəziyyət o həddə çatıb ki, liqa rəhbərliyi rəsmi açıqlama vermək məcburiyyətində qalıb, şəhər küçələrində isə ulduz futbolçunun “itkin düşməsi” ilə bağlı istehza dolu plakatlar peyda olub.
Liqa Rəsmisindən “Bərabərlik və İntizam” Mesajı
Ronaldonun klubun idarəetmə siyasətinə etiraz əlaməti olaraq “bunt” (üsyan) qaldırması iddialarına Səudiyyə Pro Liqasının nümayəndəsi geniş şərh verib. Rəsmi şəxs vurğulayıb ki, liqada bütün klublar üçün vahid və dəyişməz qaydalar mövcuddur:
“Səudiyyə Pro Liqası sadə bir prinsip üzərində qurulub: hər bir klub eyni qaydalar çərçivəsində müstəqil fəaliyyət göstərir. Klubların öz direktorlar şurası, rəhbərləri və futbol idarəçiliyi mövcudur. Oyunçu transferi, xərclər və strategiya ilə bağlı qərarlar, sabitliyi və rəqabət balansını təmin etmək üçün hazırlanmış maliyyə strukturu daxilində klubların özləri tərəfindən verilir. Bu struktur liqadakı bütün klublara bərabər şəkildə tətbiq edilir”.
Liqa nümayəndəsi Ronaldonun “Əl-Nəsr”ə sadiqliyini qeyd etsə də, heç bir oyunçunun klubdan üstün olmadığını xatırladıb:
“Kriştiano gəldiyi gündən bəri ‘Əl-Nəsr’ə tam sadiqdir, klubun inkişafında və ambisiyalarında mühüm rol oynayır. Hər bir elit idmançı kimi o da qalib gəlmək istəyir. Lakin heç bir şəxs, nə qədər nüfuzlu olsa belə, öz klubunun səlahiyyətlərindən kənar qərarlar qəbul etmir”.
Açıqlamada həmçinin liqadakı rəqabətin yüksək səviyyədə olduğu və sistemin düzgün işlədiyi vurğulanıb: “İlk dörd komandanı cəmi bir neçə xal ayırır, bu da sistemin nəzərdə tutulduğu kimi işlədiyini göstərir. Əsas diqqət futbol meydanında və sağlam rəqabətdə qalmalıdır”.
Küçələrdə “itkin düşən” Ronaldo plakatları
Rəsmi açıqlamalarla yanaşı, Səudiyyə Ərəbistanında azarkeşlərin reaksiyası da diqqət çəkib. Ronaldonun klub rəhbərliyindən narazı qalaraq məşqlərə qatılmaması şəhərdə yumoristik, lakin düşündürücü bir aksiyaya səbəb olub.
Belə ki, divarlarda Kriştiano Ronaldonun şəkli əks olunmuş “Axtarış” elanları peyda olub. Portuqaliyalı ulduzun “yoxa çıxmasına” işarə vuran plakatlarda bu sözlər yazılıb: “Xahiş edirik, əgər Kriştianonu görmüsünüzsə, bizə məlumat verin. O, evdən çıxıb və geri qayıtmayıb. Əgər onun harada olduğunu bilirsinizsə, lütfən, bu nömrə ilə əlaqə saxlayın: 7777-222-43-41”.
Bu hadisələr “Əl-Nəsr” daxilində gərginliyin hələ də səngimədiyini və ulduz futbolçunun gələcəyi ilə bağlı sualların açıq qaldığını göstərir.