Qəbələ şəhər stadionu növbəti dramatik, lakin futbol keyfiyyəti baxımından bir o qədər də sönük matça ev sahibliyi etdi. Turnir cədvəlinin dibinə pərçimlənən “Qəbələ” üçün bu qarşılaşma sadəcə 3 xal mübarizəsi deyil, həm də “Kəpəz”in kölgəsindən çıxmaq və uçurumun kənarından qayıtmaq şansı idi. Lakin Kaxaber Tsxadadzenin komandası meydanda “ölüm-dirim” savaşına çıxan bir kollektivdən çox, nə edəcəyini bilməyən və artıq təslim olmuş bir orduya bənzəyirdi.
Oyunun startı adətən “kəşfiyyat xarakterli” adlandırılsa da, Qəbələdəki mənzərənin əsl adı futbol sönüklüyü idi. Hücum xəttindəki acizlik və mərkəzdəki saysız-hesabsız, həvəskar səviyyəli ötürmə xətaları azarkeşlərin səbr kasasını daşırırdı. Jorje Kaşilyanın rəhbərlik etdiyi “İmişli” aqressiv təsir bağışlamağa çalışsa da, ilk yarım saatda hər iki komanda sanki qol vurmaqdan qorxurdu.
Müasir futbolda kreativlik tükənəndə səhnəyə standart vəziyyətlər çıxır. Matçın kilidini də məhz belə bir epizod açdı. İlk hissənin sonlarında qonaqların qazandığı künc zərbəsində Juninyo topu cərimə meydançasına zərgər dəqiqliyi ilə göndərdi. Dieqo Rollonun qüsursuz baş zərbəsi isə topu tora qovuşduraraq fasiləyə “İmişli”nin üstün yollanmasını təmin etdi (0:1).
Fasilədən sonra Tsxadadzedən taktiki dəyişiklik və ya heç olmasa, hücumda aqressivlik gözlənilsə də, ümidlər boşa çıxdı. Meydana daxil olan ehtiyat oyunçular qığılcım yaratmaq əvəzinə, mövcud xaos və passivliyə uyğunlaşdılar. “Qəbələ”nin cılız hücumları “İmişli” müdafiəsinə dirənir, qonaqlar isə cüzi üstünlüyü qorumaq üçün oyunun tempini aşağı salırdı. Öz meydanında, turnir vəziyyətini xilas etmək üçün ən uyğun rəqiblərdən birinə qarşı bu dərəcədə motivasiyasız futbol oynamaq bağışlanmazdır.
Bu nəticə ilə “İmişli” nəhayət ki, 15 matçlıq qara seriyaya son qoyaraq 2026-cı ilin ilk sevincini yaşadı. Ancaq etiraf etmək lazımdır ki, bu qələbə qonaqların möhtəşəm taktikasının yox, “Qəbələ”nin acizliyinin məhsulu idi. Tsxadadzenin komandası təhlükəli zonadan uzaqlaşmaq əvəzinə bataqlıqda daha da dərinə batan bu kollektivlə, görünür, aşağı liqaya doğru sərbəst düşüş, ən azı keçid oyununda oynamaq qaçılmazdır. Azarkeşə meydanda sürət, qığılcım və ehtiras lazımdır. Qəbələdəki “tamaşa” isə futbol yox, kütləvi fiziki yorğunluq seansı idi.
Premyer Liqa, 27-ci tur
QƏBƏLƏ – İMİŞLİ 0:1 (0:1)
Qol: Rollo, 44
Baş hakim: Rəşad Əhmədov.
Qəbələ: Salahat Ağayev, Murad Musayev (k) (Şahin Şahniyarov, 46), Nuqay Rəşidov (İbrahim Sanqare, 67), Eşqin Əhmədov, Seydina Keyta (Nicat Əliyev, 83), Adriel Ba Lua, Edu Kunde, İsaak Amoa, Prins Ovusu, Domi Massumo, Ismahil Akinade.
İmişli: Hüseynəli Quliyev, Azər Salahlı (k), Rafael Viegas, İdris İnqilablı (Yau Mozes, 73), Dioqu Kardozu (Abbas Ağazadə, 90+4), Nikola Karaklayiç (Xəzər Mahmudov, 83), Ronaldo Rodriqes, Dioqu Rollo, Ezekiel Morqan, Juninyo (Mehdi Tağırov, 90+4), Edvin Banquera.
Sarı vərəqələr: Amoa, 22. Kardozu, 69. Morqan, 90.