“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Şamaxı” üzərində qazanılan qələbəni (3:1) şərh edib.
“Köhlən atlar”ın çalışdırıcısı oyunla bağlı belə deyib: “İkinci hissədə oyuna tam nəzarət etdik, hərçənd bəzi epizodlarda səhvlərə yol verdik. Hazırda çox sıx qrafikdəyik. İnanıram ki, növbəti matçlarda komanda daha yaxşı fiziki formada olacaq. Azarkeşlərimizə də xüsusi təşəkkür edirəm, bizi tək qoymadılar”.
Kadi Borqesin “səkkiz nömrə” mövqeyində oynamasına gəlincə Qurbanov bunları söyləyib: “Kadi bu mövqedə çıxış edə bilir. Son oyunlarda Bikaalyonun üzərinə böyük yük düşmüşdü, ona görə də onu qorumağa çalışdıq. Əslində, Kadinin hücum xəttinə daha yaxın oynamasını istəyirik, lakin onun universal keyfiyyətləri mərkəzdə də oynamağa imkan verir. Gələcəkdə bu tip rotasiyalara yenə əl atacağıq”.
Yarımfinalda “Sabah”la mümkün qarşılaşma və həmin klubun prezidenti Maqsud Adıgözəlovun keçənilki final barədə səsləndirdiyi fikirlərə Qurbanovun cavabı qısa olub: “Rəqibin kim olmasının fərqi yoxdur. Azarkeşlər üçün belə oyunlar hər zaman maraqlıdır. Keçmişə qayıtmaq istəmirəm, bu suala cavab verməyəcəyəm”.
Məşqçi komandanın üzərindəki təzyiq və “tək qalmaq” iddialarına belə aydınlıq gətirib: “Futbolda belə gərginliklər normaldır. Mövsümün əvvəlindən sıx qrafikdəyik, avrokuboklarda əsas mərhələyə yüksəlsək də, tələblər və gözləntilər durmadan artır. Özümü tək hiss etmirəm, biz bir kollektivik. Ola bilsin ki, meydanda hansısa intriqalar yaşansın, amma meydandan kənarda hər kəslə münasibətlərimiz normaldır”.
Yay transfer pəncərəsində “Qarabağ”ın ciddi şəkildə yenilənib-yenilənməyəcəyi sualına isə baş məşqçi: “Hər şey mümkündür. Bizdən asılı olmayan dəyişikliklər də baş verə bilər” – deyə cavab verib.