Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçı gözlənilməz nəticə ilə başa çatıb. Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsindən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunun nəticəsini dəyərləndirib və mübahisəli məqamlarıa toxunub.
Qurban Qurbanov ilk növbədə rəqibi təbrik edərək, meydandakı ab-havanı yüksək qiymətləndirib: “Stadionda çoxlu azarkeşimiz var idi və onlar həqiqətən möhtəşəm atmosfer yaratmışdılar. Amma futbol budur, hər şey ola bilər. Rəqib çox motivasiyalı idi və qalib gəldi. Azər Bağırov yaxşı kollektiv formalaşdıra bilib”.
Komandanın oyuna həddindən artıq rahat çıxması barədə sualları cavablandıran mütəxəssis, futbolçularının istəksiz olmadığını vurğulayıb: “Biz heç vaxt oyunlara arxayın çıxmırıq. Bəlkə də əvvəlki matçın yorğunluğu özünü hiss etdirirdi, lakin bu qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Futbolçuları günahlandırmaq olmaz, onlarda qələbə istəyi var idi, sadəcə bu dəfə alınmadı”.
Matçın ən çox müzakirə edilən epizodu – təyin olunmayan penalti barədə danışan Qurbanov, hakimliyin qərarlarına kinayə ilə yanaşıb: “Narazılıq edəndə deyirlər ki, şişirdirsiniz. Epizoda yenidən baxdım, mənim fikrimcə, orada penalti var idi. Kamilodan soruşdum, ayağına toxunuş olduğunu təsdiqlədi. Əgər hakim penalti verməyibsə, görək sonra nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun, “yaxşı” idarə etdi… Hakimlər Komitəsinin sədri də yəqin ki, qərarı düzgün hesab edəcək. Nə etmək olar, yolumuza davam edirik”.
Turnir cədvəlindəki vəziyyətə toxunan təcrübəli məşqçi, əsas rəqibi olan “Sabah”ın performansını da qeyd edib: “Qarşıda hələ 9 oyun var və mübarizəni sonadək davam etdirəcəyik. Hər matça qələbə üçün çıxırıq. Çempionluq elə bir prosesdir ki, bəzən sənin qələbən kifayət etmir, rəqibin xal itirməsi lazımdır. Lakin “Sabah” hazırda çox yaxşı formadadır, onların bu qədər xal itirməsi çətin görünür.”
Zədədən qayıdan qapıçı Şahruddin Məhəmmədəliyev və gənclərin şansı barədə verilən suallara Qurbanov belə aydınlıq gətirib: “Hazırda Şahruddin texniki məşqlərlə kifayətlənir, oyun hazırlığı tam deyil. Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə komandaya tam qoşulacağını gözləyirik. İndi elə bir mərhələdəyik ki, əsas məqsədimiz bütün komandanın fiziki formasını bərpa etməkdir. Növbəti oyunlarda gənclərə də şans yarana bilər“.