İspaniya Superkubokunun ilk yarımfinalında püşk “Barselona” və Bilbaonun “Atletik” klublarını üz-üzə gətirdi. Afişa nə qədər cəlbedici olsa da, bu mövsüm baskların oyunu, xüsusən də nəhəng rəqiblərə qarşı heç də uğurlu alınmır. Statistikaya nəzər salsaq, “Barselona” son üç qarşılaşmada rəqibini ümumi 9:0 hesabı ilə (4:0, 3:0 və 2:0) məğlub etmişdi. Superkubokun yarımfinalında bu mənfi tendensiya “Atletik” üçün daha da kəskinləşdi.
Matçın ilk 20 dəqiqəsini sanki “yuxuda” keçirən katalonlar, oyuna daxil olduqdan sonra rəqibi meydandan sildilər. “Barselona”nın hücum maşını işə düşən kimi “Atletik”in qapıçısı Unai Simon cəmi 16 dəqiqə ərzində 4 dəfə topu tordan çıxarmalı oldu.
İkinci hissədə də rəqibin “edamı” davam etdi. Rafinya həm özünün ikinci, həm də komandasının beşinci qolunu vuraraq darmadağını rəsmiləşdirdi. Hesabın aşkar üstünlüyündən istifadə edən baş məşqçi heyətdə ciddi rotasiya etdi; meydana Reşford, Bernal, Martin, həmçinin Yamal və Olmo daxil oldu. Lakin yeni daxil olan futbolçular hesabı artırmayıb, sadəcə oyunun sonunu gətirdilər.
Yekun hesab: 5:0. “Barselona” möhtəşəm qələbə ilə İspaniya Superkubokunun finalına yüksəldi.
Turnirin ikinci finalçısı isə bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək “Atletiko” – “Real” Madrid derbisindən sonra müəyyənləşəcək.