Bizim U-17-lər isə böyük hesabla uduzmağa vərdiş edib
Qazaxıstanın U-17 milli komandası son turda Albaniyanı yenərək (2:1), qrup birincisi qismində qitə çempionatının növbəti mərhələsinə adladı. Xatırladaq ki, qazaxların qrupunda Albaniyadan başqa, Niderland və Xorvatiya da mübarizə aparırdı. Üstəlik, qazax futbolu üçün rekord məbləğə “Çelsi” ilə müqavilə imzalayan 17 yaşlı Dastan Satpayev hazırda yeniyetmələr yox, əsas millinin şərəfini qoruyur.
Yeri gəlmişkən, Belçika ilə əsas millinin keçən oyununda Satpayev adını tarixə yazdı. Belə ki, rəqib qapısına vurduğu qolla Qazaxıstan tarixində və son 66 ildə Dünya çempionatlarının seçmə mərhələsində fərqlənən ən gənc oyunçu oldu.
Qazaxıstan yeniyetmələrinin uğurlarının fonunda bizim U-17 komandamızın nəticələri acı təsir bağışlayır. Azərbaycanlı yeniyetmələr keçirdiyi qrup oyunlarının üçündə də rəqiblərinə böyük hesabla uduzaraq (Fransa – 0:8, İsrail – 1:5, Rumıniya – 1:5) elə ilk mərhələdəcə mübarizəni dayandırdı.