Oktyabrın 1-də “Qarabağ”la qarşılaşacaq “Kopenhagen” Superliqanın 9-cu turunda öz meydanında “Silkeborq”la qollu heç-heçə edib.
16 qat Danimarka çempionu olan paytaxt klubu bu görüşdə 3:1 öndə olsa da, liqanın autsayderindən iki qol buraxmaqla 3:3 hesablı sülhə razı olub.
“Kopenhagen” hazırda 9 turdan sonra 17 xalla 3-cü pillədə qərarlaşıb və liderdən 3 xal geridədir.
Digər rəqiblərin nəticələri:
“Ayntraxt Frankfurt” öz meydanında “Union Berlin”ə 3:4 hesabı ilə uduzub. Frankfurt təmsilçisi ÇL-də möhtəşəm başlanğıc etsə də, daxili arenada işlər bir o qədər də yaxşı getmir – 4 oyuna 6 xal.
“Atletik Bilbao” səfərdə “Valensiya”ya 0:2 hesabı ilə məğlub olub. “Atletik” azlıqda qaldıqdan sonra “yarasalar”ın hücumlarına tab gətirə bilməyib. Basklar La Liqada 8-ci pillədədirlər.
“Çelsi” səfərdə gərgin keçən qarşılaşmada “Mançester Yunayted”ə 1:2 hesabı ilə uduzub. Qapıçı Sançezin qırmızı vərəqə aldığı oyunda “zadəganlar”ın tək qolu müdafiəçi Trevo Çalobadan gəlib. Çelsi hazırda 8 xalla 6-cı pillədədir.
“Liverpul” Mersisayd derbisində “Everton”u 2:1 hesabı ilə məğlub edib. Qravenbex və Ekitikenin qolları həlledici olub. “Qırmızılar” hazırda 5 turdan sonra itkisiz liderdirlər.
“Ayaks” Erediviziyanın liderlər qrupunda olan “PSV”nin qonağı olub. Son dəqiqələrdə Oskar Qluxun qoluyla məğlubiyyətdən qurtulublar – 2:2. Amsterdamlılar 6 turdan sonra 12 xalla 3-cü yerdədirlər.
“Napoli” isə sabah öz meydanında “Pisa”nı qəbul edəcək. “Mavilər” bu oyunda qalib gələrsə, itkisiz liderliyə davam edəcəklər.