“Qarabağ”ın polşalı qolkiperi Mateuş Koxalski karyerasında yeni və mühüm səhifə açmağa hazırlaşır. Polşanın “TVP Sport” kanalının məlumatına görə, “Köhlən atlar”ın qolkiperi Polşa milli komandasının DÇ-2026-nın pley-off matçları üçün açıqlanacaq heyətində yer ala bilər.
Yığmanın baş məşqçisi Yan Urbanın pley-off mərhələsi üçün sifariş vərəqəsinə 4 qapıçının adını salacağı gözlənilir ki, onlardan biri də məhz Koxalskidir. “Qarabağ”ın heyətində həm daxili çempionatda, həm də avrokuboklarda nümayiş etdirdiyi sabit oyun 24 yaşlı qapıçının diqqətdə mərkəzinə düşməsinə səbəb olub.
Xatırladaq ki, Dünya çempionatının final mərhələsinə gedən yol Polşa seçməsi üçün heç də asan olmayacaq. Polşalılar martın 26-da pley-off mərhələsinin yarımfinalında Albaniya ilə üz-üzə gələcəklər. Bu qarşılaşmada qələbə qazanılacağı təqdirdə, komanda mundiala vəsiqə uğrunda həlledici final matçına çıxacaq. Martın 31-də baş tutacaq final oyununda Polşanın rəqibi Ukrayna – İsveç cütünün qalibi olacaq.
Yerı gəlmişkən, Mateuş Koxalski yay transfer pəncərəsində Polşanın “Stal” (Melets) klubundan “Qarabağ”a keçib və qısa müddətdə komandanın əsas fiqurlarından birinə çevrilib. Onun milli komandaya dəvəti həm də Azərbaycan Premyer Liqasının səviyyəsinin beynəlxalq skautlar tərəfindən izlənildiyinin göstəricisidir.