“Qarabağ” Çempionlar Liqasında dalbadal iki qələbə ilə tarixi nəticə əldə etməklə yanaşı, hazırda liderlər qrupundadır və “Barselona, “Çelsi”, “Liverpul”, “Yuventus” kimi nəhənglərə yuxarıdan baxır. Bu günün reallığı budur. “Kopenhagen”lə oyunun nəticəsi təkcə bu sevinci yaşamaq, turnir cədvəlindəki yer baxımından diqqət çəkmir. Bu oyun yaxşını və pisi qeyd etmək, üzərində düşünmək üçün menyu da təklif etdi. Qarşıda bizi fürsət dolu “Atletik Bilbao” oyunu gözləyir və bu oyundan da karlı çıxmaq üçün “Qarabağ”ın “Kopenhagen” matçında qazandığı “yaxşı” və “pis” qiymətləri üzərində düşünmək lazımdır.
Yaxşı
Yaxşını yazmaq ən asanıdır. Çünki, heç də zəif olmayan rəqiblər üzərində iki ardıcıl qələbə yalnız tərifə layiqdir. Qurban Qurbanov və yetirmələri bunu bacardılar, həm taktiki, həm də strateji olaraq oyunlara düzgün yanaşdılar. Amma ümumi, pafoslu təriflər kifayət qədərdir və “Qarabağ” bu təriflərə layiqdir. Biz isə soyuq başla tərifləri qədim edək:
O, böyüyür
Azərbaycanın futbol reallığında böyük məşqçi kimi yetişmək mümkünsüz bir şeydir. Çünki, buna çox məhdud şərait var. Bu ayrı bir mövzudur. Amma Qurbanov ildən-ilə inkişaf etdiyini, Avropa futbol meyarlarına görə zəif olan tərəfləri üzərində işlədiyini təsdiqləyir ki, bu da klubun nailiyyətlərində özünü büruzə verir.
Psixoloji hazırlıq: Qurbanovun zəif cəhətlərindən biri komandanı həlledici oyunlara psixoloji cəhətdən hazırlamaq idi. Onun komandası xüsusən də ev oyunlarında azarkeş və nəticənin yatdığı təzyiqin öhdəsindən gələ bilmirdi. Bunun bariz nümunələri kimi kifayət qədər oyunlar saymaq olar ki, “Qarabağ” özündən zəif olan komandalarla bu amil üzündən istənilən nəticəni əldə edə bilməyib (“Rakuv”, “Dnepr”, “Olimpiakos”, “Vorskla”, “Düdelanj”, “Viktoriya”, “Zaltsburq”, “BATE”. “Apoel”). Bu dəfə “Kopenhagen”lə oyunda da tək narahat edən məqam bu idi: “Qarabağ” təzyiqə tab gətirə biləcəkmi? Oyunun ilk dəqiqələrindən məlum oldu ki, Qurbanov komandanı psixoloji cəhətdən çox yaxşı hazırlayıb. Bu oyun “Qarabağ”ın bütün digər oyunlarından məhz bununla fərqlənirdi: komanda ilk dəqiqələrdən rahat oynadı, həyəcan yox idi, topa sahib olaraq rəqibə təzyiq etdilər. Bu bir yenilik idi.
Əziklik psixologiyasına son
Azərbaycan klublarının on illər boyu Avropada “kötəklənən uşaq” rolunda olması komandalarımızda qeyri-ixtiyarı taktiki vərdiş yaratmışdı. Azərbaycan klublarının menyusunda rəngarəng taktiki-strateji seçim yox idi, komanda çıxıb müdafiədən oynamalı, şansını əks-hücumlarda sınamalı idi. Rəqib zəif olanda, üstünlük imkanı verəndə Azərbaycan komandaları çaş-baş qalır, nə edəcəyini bilmədiyi üçün xaotik oyun yaranırdı. Çünki, Avropada üstün, hücum taktikası heç zaman sınaqdan keçirilməmişdi. “Qarabağ” da uzun illər bu sindromun qurbanı idi. Evdə pis oynayıb, səfərdə yaxşı nəticənin qazanılması da bununla bağlı idi. “Ferentsvaroş”, “Ludaqorets” oyunlarında da bu sindrom özünü göstərirdi. “Kopenhagen” oyununda Qurbanovun komandası artıq “əziklik psixologiyası”na son qoyulduğunu göstərdi. “Qarabağ” meydana statusla, özünün üstün oynayacağını dərk edərək çıxdı və rəqibə öz oyununu diktə etdi.
Əvəzetmələr
Qurbanov əvəzetmələrdə daha cəsarətlidir, daha effektivdir və oyuna daha yaxşı təsir edə bilir. Son iki oyunda bunun şahidi olduq. Amma bu irəliləyişin simptomları ötən mövsümdən özünü göstərirdi.
Qeyri-qənaətbəxş qiymət!
SOS: Fiziki hazırlıq
Qalibi mühakimə etməzlər. Buna görə də “Kopenhagen” matçından mənfi nə isə yazmaq çox çətindir. Amma bu oyuna nə qədər şadyanalıq etsək də, gözə girən həyəcan siqnalı vardı. Bu siqnalı Qurban Qurbanov da qəbul etmişdi və birbaşa olmasa da, oyundan sonra ötəri də olsa qeyd etdi. Baş məşqçi ikinci hissədə yaranan problemləri daha çox rəqibin oyun taktikasını dəyişməsi ilə əlaqələndirdi. Amma bu həqiqətin özü deyil. Etiraf edək ki, ilk bir saatdan sonra “Qarabağ”ın qapısına qol yetişmişdi və hər hücum gərginliyə səbəb olurdu. Addainin heçdən yaratdığı qol olmasa idi, nəticə başqa cür də ola bilərdi, Amma idman şərti cümləni sevmir. Nəticə bu cürdür, Qurban Qurbanov bu oyundan qalib çıxdı. İndi iki yolumuz var: eyforiyaya qapılıb əlimizdə qopuz çalıb-oynayaq, ya da “Kopenhagen”in ikinci hissədə qulağımızın dibində səsləndirdiyi xəbərdarlıq siqnalını ciddiyə alaq. Bəli, bir saatdan sonra “Qarabağ” futbolçuları tədricən oyundan düşməyə başladı və 70-ci dəqiqədən sonra vəziyyət daha da pisləşdi. Belə hallarda məşqçi əvəzetmələrlə oyuna müdaxilə edir. Amma nəzərə almaq lazımdır ki, Qurbanovun arsenalında oyuna təsir edəcək ciddi seçim də yoxdur. Bunu unutmaq olmaz. Bəs, “Qarabağ”ın hamar, əla gedən oyunda birdən-birə düşməsi, təşəbbüsü rəqibə verib meydanda sürünməsi nə ilə bağlı idi? Şübhəsiz, zəif fiziki hazırlıq! Futbolçular 90 dəqiqə yüksək tempə hazır deyillər və bu səbəbdən əksəriyyət oyundan düşdü. Amma hansı birini dəyişəsən? Hamısı əhəmiyyətli oyunçulardır. “Kopenhagen”lə oyunu adlatdıq. Skandinaviya komandası Avropada sürətlinə görə o qədər də məşhur deyillər. Amma aşağı fiziki hazırlıqla İspaniya, İtaliya, xüsusən də İngiltərə klubları ilə oynamaq çətin olacaq. Həm də çox çətin! Amma ədalət naminə deyək ki, “Qarabağ”ın bu imtahandan qeyri-qənaətbəxş qiymət almasının günahı özündə deyil. Azərbaycan milli çempionatında komandanın fiziki hazırlığının Avropa klublarından geri qalması təəccüblü deyil. Bir komandanın yaxşı fiziki hazırlığı üçün onun öz məşqləri məsələnin heç 50%-i etmir. Yüksək tempdə 90 dəqiqə oynamaq üçün rəqabətli çempionat olmalıdır. “Qarabağ” futbolçuları isə ən yaxşı halda ildə cəmi 8-9 Avropa oyunlarında belə rəqabət imkanı qazanır. Milli çempionatda isə lider olan “Araz-Naxçıvan”ı ehtiyat heyətlə darmadağın edirsə, hazırda lider olan “Turan” klubunun rəhbərliyi çılğıncasına “Qarabağ”a azarkeşlik edirsə, hansı rəqabətdən danışmaq olar?! Bir ayaqla oynadıqları çempionatda tonusu saxlamaq, fiziki yükləməni, dözümlülüyü artırmaq mümkün deyil. Bu problemi həll etmək isə Qurbanovun əlində olan məsələ deyil.