AFFA İntizam Komitəsi Premyer Liqasının I turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı qərarlarını açıqlayıb. Hər iki klub ciddi maliyyə sanksiyalarına məruz qalıb.
Ən böyük cərimə payı Ağdam təmsilçisinin üzərinə düşüb.
Qarşılaşma zamanı azarkeşlərin intizamsızlığı “Qarabağ” klubuna baha başa gəlib. Klubun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsi cari mövsümdə artıq üçüncü dəfə qeydə alındığı üçün klub 7000 manat cərimə olunub.
Bundan əlavə, “Qarabağ” azarkeşlərinin stadiondakı oturacaqları sındırması və infrastruktura zərər vurması səbəbindən klub daha 3000 manat məbləğində cərimələnib. Qeyd olunub ki, stadiona dəymiş maddi ziyan tam şəkildə “Qarabağ” tərəfindən ödəniləcək. Həmçinin komandanın oyuna gecikməsinə görə kluba rəsmi xəbərdarlıq edilib.
Matçın təşkilatçısı olan “Sabah” klubu da cəzasız qalmayıb. Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması təhlükəsizlik qaydalarının pozulması kimi qiymətləndirilib və ev sahibi komanda 2500 manat məbləğində cərimələnib.
Ümumilikdə, baş tutan təxirəsalınma oyunu hər iki klub üçün 12 500 manatlıq ümumi cərimə və intizam xəbərdarlıqları ilə yadda qalıb.